Rusiyanın yanacaq infrastrukturuna endirdiyi zərbələr Ukraynanın ayrı-ayrı bölgələrində yanacaq təchizatı ilə bağlı ciddi problemlər yaradır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Prime" şirkətlər qrupunun təsisçisi, yanacaq bazarı üzrə ekspert Dmitri Leuşkin Ukrayna mətbuatına bildirib.
O deyib ki, əsas problem yanacaqdoldurma məntəqələrinin dağıdılması deyil, yanacaq daşıyan avtomobillərin hədəfə alınmasıdır. Ekspertin sözlərinə görə, Zaporojye istiqamətində son günlər üç yanacaq daşıyan avtomobil FPV dronları ilə vurulduğundan sürücülər həmin bölgəyə yanacaq aparmaqdan imtina edirlər.
Leuşkin hesab edir ki, ölkə üzrə ümumi yanacaq qıtlığı olmasa da, təhlükəli bölgələrdə logistika problemləri səbəbindən yanacaq təchizatı çətinləşəcək. "Bu isə bəzi şəhərlərdə yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayanmasına və qiymətlərin dövlət nəzarətindən çıxmasına səbəb ola bilər", - deyə o bildirib.
Ekspert hesab edir ki, ən böyük risk Zaporojye, Sumı, Xarkov, Pavloqrad, Slavyansk, Kramatorsk və İzium kimi şəhərlərdə müşahidə olunur. Onun sözlərinə görə, Kiyev, Çerkası və Lvov kimi nisbətən təhlükəsiz şəhərlərdə isə hələlik yanacaq bazarında kəskin dəyişiklik gözlənilmir.
Bizimyol.info






