Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Rusiyanın təsirindən qurtulur?
Ermənistan Rusiyanın təsirindən qurtulur?

Nikol Paşinyanın yeni qanun təşəbbüsü diqqət çəkir

Ermənistan parlamentinin xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdıran qərarı ölkədə ciddi müzakirələrə səbəb olub.

  • Hakimiyyət bu addımı xarici təsirlərin qarşısını almaq zərurəti ilə əsaslandırır. Bəs bu qərar həqiqətənmi Ermənistanın daxili siyasətinə diasporun və Rusiyanın təsir imkanlarını zəiflədəcək, yoxsa demokratiya ilə təhlükəsizlik arasında yeni mübahisələrin başlanğıcı olacaq?

Politoloq Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan parlamentində xaricdə yaşayan vətəndaşların səsvermə hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbul edilməsi gözlənilən addım idi.

Onun sözlərinə görə, bu qərarın arxasında ölkədə uzun müddətdir müşahidə olunan xarici təsir amilləri dayanır.

Ekspert bildirir ki, Ermənistanda istər seçkiqabağı, istər seçki dövründə, istərsə də seçkilərdən sonra baş verən proseslərə xaricdən müdaxilə cəhdləri uzun illərdir davam edir. Bu müdaxilələrdə xüsusilə Rusiyanın, eləcə də müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor və lobbi təşkilatlarının rol oynadığını deyən politoloq hesab edir ki, hakimiyyətin bu istiqamətdə hüquqi mexanizmləri sərtləşdirməsi məhz mövcud siyasi şəraitdən qaynaqlanır.

Xəyal Bəşirov vurğulayır ki, Baş nazir Nikol Paşinyanla xaricdəki erməni diasporu və lobbi təşkilatları arasında münasibətlər kifayət qədər gərgindir.

“Son illərdə həm Rusiyadakı müəyyən siyasi dairələrin, həm də müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni diaspor və lobbi təşkilatlarının Ermənistan hakimiyyətinə təzyiq göstərmək və daxili siyasi proseslərə təsir etmək cəhdlərinin şahidi olmuşuq. Xüsusilə seçki ərəfəsində xarici müdaxilə imkanlarının artması hakimiyyət üçün ciddi narahatlıq yaradır”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, yeni qanun ilk baxışdan xaricdə yaşayan ermənilərin seçki hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Lakin məsələni yalnız hüquqi aspektdən deyil, siyasi məsuliyyət baxımından da dəyərləndirmək lazımdır.

“Uzun illər Ermənistanda yaşamayan, ölkənin sosial-iqtisadi problemlərini bölüşməyən, qəbul edilən qərarların nəticələrinə görə məsuliyyət daşımayan şəxslərin yalnız seçki vaxtı gəlib səs verməsi və daha sonra ölkəni tərk etməsi cəmiyyətdə ciddi suallar yaradır. Belə şəxslər seçkilərin nəticəsinə təsir göstərirlər, amma həmin qərarların doğurduğu nəticələri yaşamırlar”, – o deyib.

Politoloq hesab edir ki, bu məsələ yaxın dövrdə gündəmə gəlməsi gözlənilən referendum fonunda daha da aktuallaşır.

“Əgər referendum Azərbaycanla sülh prosesinə aid olacaqsa, xaricdə yaşayan radikal mövqeli qüvvələrin əhəmiyyətli hissəsinin sülh təşəbbüslərini dəstəkləməsi real görünmür. Çünki onlar Ermənistanın təhlükəsizlik və iqtisadi problemlərini birbaşa yaşamırlar. Müharibənin ağır nəticələrini ölkə daxilində yaşayan insanlar hiss edir. Xaricdə yaşayanlar isə həmin risklərlə üzləşmədikləri üçün daha sərt və emosional qərarların tərəfdarı ola bilirlər”, – deyə Xəyal Bəşirov bildirib.

Onun fikrincə, məhz bu səbəbdən Ermənistan hakimiyyəti mövcud reallıqları nəzərə alaraq seçki qanunvericiliyində dəyişiklik etməyi məqsədəuyğun hesab edib.

Politoloq Azərbaycanın vəziyyətinin isə tamamilə fərqli olduğunu vurğulayır.

“Azərbaycanda xaricdə yaşayan vətəndaşlarla dövlət arasında münasibətlərin xarakteri Ermənistandakından fərqlənir. Azərbaycan diasporu ölkədaxili siyasi proseslərə Ermənistan diasporunun göstərdiyi səviyyədə təsir etməyə çalışmır. Bu baxımdan Azərbaycanda analoji məhdudiyyətlərin tətbiqinə ehtiyac yoxdur”, – deyə o bildirib.

Xəyal Bəşirovun fikrincə, Ermənistanın qəbul etdiyi yeni qanun mübahisələr doğursa da, ölkənin mövcud siyasi və təhlükəsizlik reallıqları fonunda hakimiyyət bunu daxili sabitliyin qorunmasına yönəlmiş addım kimi qiymətləndirir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »