Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın gözü Ankaradadır: NATO hansı kritik qərarları verəcək?
Dünyanın gözü Ankaradadır: NATO hansı kritik qərarları verəcək?

Dünyanın diqqətlə izlədiyi ən mühüm geosiyasi hadisələrdən biri Türkiyədə keçiriləcək NATO-nun Ankara Zirvə toplantısıdır. Sammitin Rusiya-Ukrayna müharibəsinin getdikcə daha da şiddətləndiyi, Yaxın Şərqdə isə gərginliyin davam etdiyi bir dövrə təsadüf etməsi qəbul olunacaq qərarların əhəmiyyətini daha da artırır.

Bunu Bizimyol.info xəbər portalına açıqlamasında deputat Tural Gəncəliyev bildirib.

Deputatın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində tərəflər artıq bir-birinə çox ağır zərbələr endirirlər və bu qarşıdurmanın NATO ilə Rusiya arasında birbaşa qarşıdurma mərhələsinə keçə biləcəyi ilə bağlı fikirlər səsləndirilir.

"Mən hesab edirəm ki, bu, yaxın zamanlarda baş verə bilər", – deyə o qeyd edib.

Tural Gəncəliyev bildirib ki, eyni zamanda İran ətrafında vəziyyət hələ də açılmamış geosiyasi düyün olaraq qalır. Onun fikrincə, Ankara sammitində qəbul ediləcək qərarlar NATO-nun gələcək siyasətinə, hərbi vizyonuna və təhlükəsizlik məsələlərinə ciddi təsir göstərə bilər.

Deputat vurğulayıb ki, Türkiyə bu gün NATO-nun ən böyük və ən mühüm üzv ölkələrindən biridir. Onun sözlərinə görə, ABŞ-ın İranla bağlı proseslərdə istədiyi nəticəni əldə edə bilməməsi və müəyyən mənada zəif vəziyyətdə görünməsi Türkiyənin Alyans daxilində əhəmiyyətini daha da artırıb.

Tural Gəncəliyev hesab edir ki, Ankara sammiti həm Türkiyənin geosiyasi mövqeyinin və rolunun artması, həm də öz gücünü nümayiş etdirməsi baxımından mühüm platformadır.

Deputat bildirib ki, hazırda ABŞ-ın Türkiyəyə xüsusi diqqət ayırması da bunun göstəricisidir. O qeyd edib ki, Türkiyənin F-35 qırıcıları proqramında iştirakı, eləcə də F-16 qırıcı təyyarələri ilə bağlı güzəştlər məsələsi gündəmdədir.

Bununla yanaşı, Tural Gəncəliyev bildirib ki, Türkiyənin NATO daxilində güclü mövqeyə sahib olmasını istəməyən qüvvələr də mövcuddur. Onun sözlərinə görə, xüsusilə Yunanıstan, Kiprin yunan hissəsi, İsrail və Hindistanın bu istiqamətdə birgə hərəkət etməsi diqqət çəkir.

"Türkiyə maksimum istifadə edəcək ki, Ankara sammitindən yararlanaraq ona qarşı, xüsusilə də Şərqi Aralıq dənizində formalaşmış bu oxu neytrallaşdırsın", – deyə deputat bildirib.

Onun sözlərinə görə, NATO özü də hazırda çox çətin vəziyyətdədir və Alyansın güclü siyasi iradəyə, güclü strategiyaya ehtiyacı var. Deputat hesab edir ki, xüsusilə Rusiya ilə qarşıdurmanın qaçılmaz xarakter alması fonunda bu ehtiyac daha da aktuallaşır.

Tural Gəncəliyev deyib ki, İran ətrafında baş verən hadisələr bir daha göstərdi ki, ABŞ öz məqsədlərinə çata bilmədi və NATO müttəfiqləri də Vaşinqtonun gözlədiyi səviyyədə onun yanında yer almadılar.

Deputatın fikrincə, NATO Türkiyə kimi strateji üzvünün qədrini daha yaxşı bilməli, belə mürəkkəb dövrdə sammitə ev sahibliyi edən Ankaranın rolunu yüksək qiymətləndirməlidir.

Tural Gəncəliyev bildirib ki, Avropa İttifaqına üzv NATO ölkələrinin Ukrayna məsələsində vahid mövqe nümayiş etdirə bilməməsi Alyans daxilində ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir.

Onun sözlərinə görə, Fransa NATO çərçivəsində öz siyasətini yürütməyə çalışır, ABŞ ilə Avropa İttifaqına üzv NATO ölkələri arasında müəyyən fikir ayrılıqları qalmaqdadır. Deputat əlavə edib ki, son dövrlər ABŞ-ın İtaliyanın Baş naziri Corcia Meloni ilə münasibətlərində yaşanan gərginlik, eləcə də İspaniyaya münasibətdə müşahidə olunan narazılıqlar da bu ziddiyyətlərin nümunəsidir.

Azərbaycana gəlincə, Tural Gəncəliyev bildirib ki, ölkəmiz NATO-nun müxtəlif proqramlarında iştirak edib və Alyans Azərbaycanın regionda güclü dövlət olduğunu yaxşı bilir.

"Baxmayaraq ki, biz NATO üzvü deyilik, Azərbaycan belə tədbirlərə dəvət olunarsa, bu, ölkəmizin siyasi çəkisinin, beynəlxalq nüfuzunun və gücünün göstəricisidir", – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, Ankara sammiti bir daha göstərir ki, Şimali Atlantik Alyansı, xüsusilə onun şərq cinahı və Türkiyə ətrafında gedən geosiyasi proseslər fonunda kritik mərhələyə daxil olub.

Deputat bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi və İran ətrafındakı vəziyyət NATO-nun özünü ciddi sınaq qarşısında qoyur. O hesab edir ki, məhz Ankarada Alyansın gələcək fəaliyyətini müəyyən edəcək kritik qərarlar qəbul olunmalıdır.

Tural Gəncəliyev deyib ki, son müharibələr göstərdi ki, NATO bütün məsələlərdə vahid mövqe ortaya qoya bilmir. Onun sözlərinə görə, İran ətrafında yaşanan hadisələr zamanı ABŞ tərəfdaşlarını fəal iştiraka çağırsa da, Britaniya istisna olmaqla, digər NATO ölkələri bunu praktik müstəvidə nümayiş etdirmədilər və əsasən siyasi bəyanatlarla kifayətləndilər.

Deputat əlavə edib ki, Rusiya-Ukrayna müharibəsində də görünür ki, NATO hələlik Rusiya ilə birbaşa qarşıdurmadan yayınmağa çalışır və bunun nəticəsində Ukraynanın vəziyyəti daha da ağırlaşır.

Tural Gəncəliyev sonda bildirib ki, Ankara Zirvə toplantısına marağın böyük olması təsadüfi deyil.

"Burada qəbul ediləcək qərarlar təkcə regionumuzun deyil, bütövlükdə dünyanın siyasi-hərbi təhlükəsizlik gündəmini formalaşdıracaq", – deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »