Çində Nankin şəhərinin (ölkənin şərqində yerləşən Tsyansu əyaləti) İqtisadi və Texnoloji İnkişaf Zonası Administrasiyasının sabiq birinci müavini Yan Yulin 2,2 milyard yuandan (ölkənin Mərkəzi Bankının cari məzənnəsinə əsasən təxminən 325 milyon ABŞ dolları) artıq məbləğdə rüşvət alma, maliyyə fırıldaqları və dövlət vəsaitlərini mənimsəmə ittihamları ilə ölüm cəzasına məhkum edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ali Xalq Məhkəməsi məlumat yayıb.
Məhkəmənin "WeChat" sosial şəbəkəsindəki açıqlamasına görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edib və çirkli pulların yuyulmasında iştirak edib. Onun bütün şəxsi əmlakı müsadirə olunacaq. Yan Yulin həmçinin ömürlük bütün siyasi hüquqlarından məhrum edilib.
Bildirilib ki, keçmiş məmurun əməlləri Çinə böyük iqtisadi ziyan vurub. Məhkəmə cinayətlərin xüsusilə ağır olduğunu əsas gətirərək hökmün yüngülləşdirilməsinin mümkün olmadığını vurğulayıb. Yan Yulin məhkəmə prosesində təqsirini etiraf edib və peşman olduğunu bildirib.
Çində korrupsiyaya qarşı mübarizə 2012-ci ildə ölkə sədri Si Cinpinqin rəhbərlik etdiyi yeni rəhbərliyin hakimiyyətə gəlməsindən sonra daha da gücləndirilib. Son illər həyata keçirilən genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində çoxsaylı, o cümlədən yüksək vəzifəli məmurlar vəzifələrindən uzaqlaşdırılıb və müxtəlif müddətlərə, o cümlədən ömürlük həbs cəzalarına məhkum ediliblər. Bu ilin yanvarında Si Cinpinq 2026–2030-cu illəri əhatə edən 15-ci beşillik plan dövründə korrupsiyaya qarşı tədbirlərin daha da sərtləşdirilməsi barədə göstəriş verib.
Bizimyol.info






