Belarusda “Oreşnik” raket kompleksinin və taktiki nüvə silahının yerləşdirilməsi ən “qaynar başları” belə soyuda biləcək strateji çəkindirmə amilinə çevrilib.
Bizimyol.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunları və ali zabit heyətinin təltifetmə mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Belarusda yerləşdirilən mobil “Oreşnik” raket kompleksi və taktiki nüvə silahı ölkənin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir.
“Ən qaynar başları belə soyuda biləcək ciddi strateji çəkindirmə amili Belarusda mobil “Oreşnik” raket kompleksinin və taktiki nüvə silahının yerləşdirilməsi oldu. Bu silah ölkəmizin müdafiə səviyyəsini əhəmiyyətli dərəcədə artırır”, – deyə Lukaşenko bildirib.
Dövlət başçısı qeyd edib ki, Belarus bu məsələni nümayişkaranə şəkildə gündəmə gətirmir və məqsəd heç kimi qorxutmaq deyil. “Biz bu barədə kimisə qorxutmaq üçün danışmırıq. Amma başa düşməlisiniz ki, bu, Belarus ərazisinə gətirilmiş yararsız silah deyil. Siz bu silahların hansı məqsədlə nəzərdə tutulduğunu məndən yaxşı bilirsiniz. Qaynar başlı olanlar isə bundan nəticə çıxarmalı və emosiyalarını cilovlamalıdırlar”, – deyə o vurğulayıb.
Bununla yanaşı, Lukaşenko əldə olunan nəticələrlə kifayətlənmək üçün əsas görmədiyini bildirib. Onun sözlərinə görə, qarşıda geniş işlər dayanır və bu, qoşunların döyüş hazırlığının son yoxlamasının nəticələrindən də aydın görünür.
“Əminəm ki, siz bunu mənim qədər yaxşı anlayırsınız. Xüsusilə general rütbəsi alanların hər birinin arxasında ölkəmiz üçün bu gün olduqca vacib olan zəngin bilik və təcrübə var”, – deyə Belarus Prezidenti tədbir iştirakçıları qarşısındakı çıxışında bildirib.
Bizimyol.info






