Fransa Prezidenti Emmanuel Makron iyulun 6-da axşam rəsmi səfərlə Dəməşqə gedəcək və suriyalı həmkarı Əhməd əş-Şəraa ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Məlumata görə, Makronu iri investorlar və biznes dairələrinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Ərəb respublikası prezidentinin administrasiyasının daha əvvəl yaydığı bəyanatda bildirilirdi ki, Fransa Suriyanın keçid hökumətinin müharibədən sonrakı bərpa və yenidənqurma istiqamətindəki səylərini dəstəkləyir. Bəyanatda vurğulanır ki, qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsi məqsədilə Əhməd əş-Şəraa və Emmanuel Makron Suriya və Fransa şirkətlərinin iştirakı ilə dəyirmi masa keçirəcəklər.
Administrasiya həmçinin qeyd edib ki, Dəməşq və Paris 2025-ci ilin mayında Əhməd əş-Şəraanının Fransaya səfərindən sonra başlanmış ən yüksək səviyyəli siyasi dialoqu davam etdirmək niyyətindədir. Qarşıdakı danışıqlarda regional və beynəlxalq gündəmdəki hadisələr, eləcə də müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Emmanuel Makron 2024-cü ilin dekabrında Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriyaya səfər edən ilk Qərb lideri olacaq.
Bizimyol.info






