İsrail sürücülərin adi səfərlərini fərqli təcrübəyə çevirəcək ölkələrin sırasına qoşulmağa hazırlaşır.
Bizimyol.info xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyi avtomobil hərəkəti zamanı xüsusi melodiya səsləndirəcək ilk musiqili yolun inşası layihəsini həyata keçirməyi planlaşdırır.
Layihənin icrasına təxminən 65 milyon şekel ayrılması nəzərdə tutulur. Musiqili yol ölkənin Eylat istiqamətində yerləşən magistrallarından birində salınacaq. Məhz bu marşrutda sürücülər uzun və monoton yol qət etdikləri üçün diqqətin azalması daha çox müşahidə olunur.
Yeni texnologiya adi xəbərdarlıq zolaqlarından fərqlənir. Yol örtüyündə bir-birindən dəqiq hesablanmış məsafədə xüsusi oyuqlar açılır. Avtomobil müəyyən edilmiş sürətlə hərəkət etdikdə, təkərlərin yol səthi ilə təması nəticəsində yaranan titrəyişlər melodiyaya çevrilir və bu səs avtomobil salonunda eşidilir.
Bu cür musiqili yollar artıq Yaponiya, Cənubi Koreya, Macarıstan, Niderland və bir sıra digər ölkələrdə tətbiq edilir. Layihə təkcə maraqlı texnoloji yenilik deyil, həm də yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir. Uzun səfərlər zamanı sürücünün diqqətini qorumağa, yorğunluq və sükan arxasında yuxulama riskini azaltmağa kömək etdiyi bildirilir.
İsraildə də layihənin əsas məqsədi məhz yol təhlükəsizliyini gücləndirməkdir. Rəsmilər hesab edirlər ki, musiqili yol həm sürücünü ayıq saxlayacaq, həm də avtomobil hərəkət zolağından kənara çıxdıqda onun diqqətini vaxtında cəlb edəcək.
İlkin hesablamalara görə, musiqili yolun tikintisi 24 aya qədər davam edəcək. Layihə uğurlu olarsa, gələcəkdə bu texnologiyanın ölkənin digər magistrallarında da tətbiqi nəzərdə tutulur.






