NATO-nun Rusiya və Belarusla həmsərhəd üzv dövlətləri mümkün hərbi risklərə qarşı müdafiə qabiliyyətlərini artırmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın İranla müharibədən sonra Avropa müttəfiqlərinin Vaşinqtona kifayət qədər dəstək vermədiyini əsas gətirərək ABŞ-ın NATO-dan çıxa biləcəyi ilə bağlı bəyanatları Avropa ölkələrinin təhlükəsizlik məsələlərinə diqqətini daha da artırıb.
Nəşrin yazdığına görə, Finlandiya hazırda müdafiəyə ümumi daxili məhsulunun (ÜDM) təxminən 3 faizini ayırır. Ölkə NATO qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq bu göstəricini 2035-ci ilədək 5 faizə çatdırmağı planlaşdırır. Eyni zamanda, Finlandiya Hərbi Hava Qüvvələrinin yaxın aylarda ABŞ istehsalı olan "F-35" qırıcılarını qəbul edəcəyi gözlənilir. Bununla belə, nəşr qeyd edir ki, ölkənin Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə sahəsində hələ də inkişaf mərhələsindədir.
Polşa isə sərhədlərin müdafiəsini gücləndirmək məqsədilə beton maneələr, müşahidə sensorları, pilotsuz uçuş aparatları və ordunun sayının sürətlə artırılmasına üstünlük verir. Rəsmi Varşava Kalininqrad vilayəti və Belarusla sərhəd boyunca müdafiə istehkamlarının tikintisinə milyardlarla vəsait yönəldir. Bununla yanaşı, bəzi ərazilərdə planlarla faktiki vəziyyət arasında uyğunsuzluqların olduğu, tikinti işlərinin ləngidiyi və müəyyən materialların anbarlarda saxlanıldığı bildirilir.
Litva, Latviya və Estoniya isə birgə Baltik Müdafiə Xətti layihəsi çərçivəsində müdafiə infrastrukturunu genişləndirirlər. Layihə çərçivəsində tank əleyhinə xəndəklər, mina sahələri, bunkerlər, beton maneələr, müşahidə sistemləri və pilotsuz texnologiyalardan istifadə nəzərdə tutulur. Bundan əlavə, hər üç ölkə silahlı qüvvələrinin sayını artırmaq və sərhəd müdafiəsini gücləndirmək istiqamətində addımlar atır.
Bizimyol.info






