Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya gedib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Rusiyanın Yekaterinburq şəhərində keçirilən XVI Beynəlxalq Sənaye Sərgisi – “İnnoprom”da iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşü də planlaşdırılıb.
Yekaterinburqa səfər Paşinyanın Ermənistanda keçirilən parlament seçkilərindən sonra Rusiyaya ilk səfəri kimi qiymətləndirilir.
Xatırladaq ki, iyulun 1-də Nikol Paşinyanın təşəbbüsü ilə Mixail Mişustin arasında telefon danışığı baş tutmuşdu. Tərəflər Rusiya-Ermənistan münasibətlərinin ticarət-iqtisadi, elmi-texnoloji, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığının cari vəziyyətini və perspektivlərini müzakirə etmişdilər.
Qeyd edək ki, “İnnoprom-2026” beynəlxalq sənaye sərgisi iyulun 6-dan 9-dək Yekaterinburqda keçiriləcək. Sərginin tarixində ilk dəfə tərəfdaş ölkə qismində İndoneziya çıxış edəcək.
Bizimyol.info






