ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin iyulun 5-də dərc etdiyi Prezidentin iş qrafikində məlumat verilib.
Qrafikə əsasən, Donald Tramp iyulun 7-də Ankaraya səfər edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də isə NATO sammitinin tədbirlərində iştirak etdikdən sonra o, əvvəlcə saat 14:30-da Vladimir Zelenski, daha sonra isə saat 15:30-da Suriya Prezidenti Əhməd əş-Şəraa ilə jurnalistlər üçün qapalı formatda ikitərəfli görüşlər keçirəcək.
ABŞ Prezidenti saat 16:15-də mətbuat konfransında çıxış edəcək. Bundan sonra onun ABŞ-a qayıtması nəzərdə tutulur.
"Reuters" agentliyinin iyulun 5-də yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Trampın Zelenski ilə görüşdə əsas müzakirə mövzusu Ukraynadakı münaqişənin nizamlanması olacaq. Mənbənin sözlərinə görə, bu görüşdən sonra ABŞ liderinin böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir.
Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Vladimir Putin Donald Trampla telefon danışığı zamanı Moskvanın Ukrayna münaqişəsinin Rusiyanın yanaşmaları əsasında diplomatik yolla həllinə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, liderlər Ukrayna məsələsini, o cümlədən Trampın Türkiyədə keçiriləcək NATO sammitində iştirakını da nəzərə alaraq müzakirə ediblər.
Bizimyol.info






