Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Rusiya ilə müqayisədə daha az resurs və imkanlara malik olsa da, döyüş meydanında mühüm nəticələr əldə edib.
Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Odessaya səfəri zamanı səsləndirib.
Prezidentin sözlərinə görə, ukraynalılar məhdud imkanlarla belə qürur duymağa layiq uğurlar qazanıblar.
“Daha az vəsaitə və resursa malik olsaq da, ukraynalılar daha əhəmiyyətli nəticələr əldə ediblər. Ən vacibi isə odur ki, onlar bununla haqlı olaraq fəxr edə bilərlər”, – deyə Zelenski bildirib.
O vurğulayıb ki, Ukrayna öz torpağını müdafiə edir və məhz buna görə dünya ictimaiyyətinin hörmətini qazanıb. “Dünyadakı hər bir vicdanlı insan Ukraynadan yalnız bir şeyi gözləyir – Rusiya üzərində qələbəni”, – deyə dövlət başçısı əlavə edib.
Zelenski həmçinin bildirib ki, Ukrayna uzunmüddətli perspektivdə Rusiyanın imkanlarını üstələyə biləcək həcmdə yüksək texnologiyalı silah istehsal etmək potensialına yaxınlaşır. Onun sözlərinə görə, söhbət bütün növ pilotsuz uçuş aparatlarının, yerüstü robotlaşdırılmış sistemlərin, raket proqramlarının, radioelektron mübarizə vasitələrinin və digər hərbi texnikanın istehsal gücünün artırılmasından gedir.
Prezident əlavə edib ki, Xarici İşlər və Müdafiə nazirliklərinə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirmək tapşırılıb. Məqsəd müdafiə sənayesinin inkişafı üçün əlavə maliyyə dəstəyi cəlb etməkdir.
Bizimyol.info






