ABŞ və İran arasında diplomatik danışıqların yenidən bərpa olunacağı bildirilir.
Bizimyol.info xəbər verir ki, məlumata görə, tərəflər arasında görüşün 11 iyulda Pakistanda keçirilməsi planlaşdırılır. Eyni zamanda ABŞ prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verərək Vaşinqtonun Tehrana təzyiq göstərməkdə “uğur qazandığını” və İranın razılaşmaya meyilli olduğunu bildirib.
Regionda gərginlik davam edərkən İsrailin baş naziri Binyamin Netanyahu ilə Donald Tramp arasında telefon danışığı baş tutub. Tərəflər strateji əməkdaşlıq və regional sabitlik məsələlərini müzakirə ediblər və yaxın zamanda ABŞ-da görüşmək barədə razılığa gəliblər.
Bu arada Yaxın Şərqdə vəziyyət daha da mürəkkəbləşir. Ormuz boğazında təhlükəsizliklə bağlı narahatlıqlar artır, İran isə Böyük Britaniya və Fransanın beynəlxalq dəniz təhlükəsizliyi təşəbbüslərini rədd edib. Ticarət gəmilərinin bölgədə təzyiqlərlə üzləşdiyi bildirilir.
Livan prezidenti Cozef Aun “Hizbullah”ın tərksilahı və İsrail qoşunlarının çıxarılmasını nəzərdə tutan çərçivə razılaşmasının mövcudluğunu təsdiqləyib, lakin sənədin hüquqi legitimlik daşımadığını vurğulayıb.
Regionda yeni geosiyasi bloklaşmalar da diqqət çəkir. Türkiyə, Qətər və Pakistanın daxil olduğu yeni bir ittifaqın formalaşdığı iddia olunur. Eyni zamanda Türkiyənin ABŞ-ın "F-35" proqramına mümkün qayıdışı müzakirə mövzusudur.
İsraildə isə daxili siyasi gərginlik artır. Sorğulara əsasən, hökumətin reytinqi aşağı düşüb, əhalinin böyük hissəsi girovların qaytarılmasında ABŞ-nin rolunu daha önəmli hesab edir. Avropa İttifaqı səviyyəsində isə İsrailin yaşayış məntəqələri siyasətinə görə mümkün iqtisadi sanksiyalar müzakirə olunur.
Bizimyol.info






