Almaniyanın keçmiş xarici işlər naziri (“Yaşıllar” partiyası, 1998–2005-ci illərdə) Yoşka Fişer hesab edir ki, Ukrayna Avropa İttifaqının tamhüquqlu üzvü olmamalıdır.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Funke" media qrupuna verdiyi müsahibədə bildirib.
“Bu, tamhüquqlu üzvlük yolu ilə işləyə bilməz, çünki bunun üçün şərt Aİ-nin fundamental şəkildə islah olunmasıdır”, - deyə bildirib. Fişerin fikrincə, potensial problemlər Ukraynanın kənd təsərrüfatı sektorunun inteqrasiyası ilə bağlı hələ indidən yarana bilər. “Ukraynanın kənd təsərrüfatı bazarında üzvlük necə görünə bilər? Bunu kim maliyyələşdirə bilər?” – deyə o sual edib və Polşa fermerlərinin Ukrayna məhsullarının ixracına qarşı etirazlarını xatırladıb.
Sabiq nazirin fikrincə, Avropa İttifaqında təcili islahatlar aparılmalıdır. “Aİ getdikcə daha çox geosiyasi amilə çevrilir, lakin bunu yeni tamhüquqlu üzvlərin qəbul edilməsi ilə tənzimləmək olmaz”, – deyə o bildirib.
Ukrayna 15 iyun tarixində Aİ-yə üzvlük danışıqlarında “əsaslar” və ya “fundamental müddəalar” adlı klasteri açıb. Bu mərhələyə 5 danışıqlar fəsli daxildir: ədliyyə, azadlıq və təhlükəsizlik; hüquqi və fundamental hüquqlar; maliyyə nəzarəti; dövlət satınalmaları; statistika. Aİ-yə üzvlük danışıqları ümumilikdə 33 bölmədən ibarətdir və namizəd ölkələr öz qanunvericiliklərini Aİ normalarına tam uyğunlaşdırmalıdır. Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, iyul ayında danışıqların qalan dörd klasteri üzrə prosesin başlanması gözlənilir.
Bizimyol.info






