Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bioloji və xronoloji yaş fərqi nəyi göstərir?- Ekspert izahı
Bioloji və xronoloji yaş fərqi nəyi göstərir?- Ekspert izahı

“Nature Medicine” jurnalında dərc olunan yeni tədqiqatın nəticələrinə əsasən, gənclərdə bioloji yaşla xronoloji yaş arasında fərq ola bilər. Bu fərqin erkən yaşda bəzi xəstəlik risklərinin artması ilə bağlı olduğu ehtimal edilir.

Araşdırmada bildirilir ki, 50 yaşdan aşağı insanlarda döş, kolorektal (yoğun bağırsaq), böyrək və uşaqlıq xərçəngi kimi bəzi xərçəng növləri artıb.

2023-cü ildə yayımlanan bir elmi işə, əsasən, 1990-2019-cu illər arasında erkən yaşda xərçəng halları qlobal miqyasda təxminən 25% çoxalıb.

Tədqiqatçılar söyləyirlər ki, bioloji qocalma göstəriciləri “aging clocks” (qocalma saatları) vasitəsilə bəzi insanların xronoloji yaşına nisbətən daha yaşlı bioloji profilə sahib olduğu müəyyən edilə bilər. Bu fərqin daha yüksək olması ağciyər, mədə-bağırsaq və başqa bəzi xərçəng növlərinin erkən inkişaf riski ilə əlaqələndirilir.

Məlumatlar Böyük Britaniyada aparılan UK Biobank layihəsində iştirak edən 150 mindən çox insanın qan analizlərinə əsaslanır.

Tədqiqatda “PhenoAge” adlı model vasitəsilə bioloji yaş fərqi hesablanıb və bu göstəricilər xərçəng riski faktorları ilə tutuşdurulub. Ancaq alimlər vurğulayırlar ki, bu nəticələr bioloji qocalmanın xərçəngə birbaşa səbəb olduğunu sübut etmir, yalnız statistik əlaqə və mümkün risk faktorlarını göstərir.

Mütəxəssislərin fikrincə, bioloji qocalmaya həyat tərzi, qidalanma, fiziki aktivlik və başqa faktorlar təsir göstərə bilər.

  • Bioloji yaşla xronoloji yaş arasındakı fərq nəyi göstərir? Bioloji qocalma həqiqətən xəstəlik riskini artıra bilərmi?

Bu barədə Bizimyol.info xəbər portalına danışan həkim ekspert Rasif Bağırov bildirib ki, insanın fiziki vəziyyəti təqvim yaşına uyğun gəlmirsə, sağlam həyat tərzi keçirmədiyini göstərir: “Xronoloji yaş təqvim yaşıdır, bioloji yaş isə insanın orqanizminin xronoloji yaşına uyğun gəlib-gəlmədiyini göstərir. Bəzi insanlar təqvim yaşından daha cavan, bəziləri isə daha yaşlı görünür. Buna xronoloji yaşla bioloji yaş arasındakı fərqin pozulması deyirlər.

Məsələn, bir şəxsdən yaşını soruşursan, deyir ki, 50 yaşı var. Lakin görünüşünə baxdıqda ona 70 yaş verirsən. Bu cür fərqlər, əsasən, insanın həyat tərzindən asılıdır.

Əgər insanın orqanizmi və ümumi fiziki vəziyyəti təqvim yaşına uyğun gəlmirsə, bu, onun sağlam həyat tərzi keçirmədiyini göstərə bilər”.

Rasif Bağırov deyib ki, insanın bədənində genetik olaraq bəzi proseslər onun az və ya çox yaşamağına şərait yaradır:

Əgər həqiqətən dediyim səbəblərdən asılı olursa, təbii ki, insan bədənində müəyyən metobolik proseslərin pozulmasına səbəb olur. Metobolik proseslərin pozulması insan bədənində xərçəng və başqa xəstəliklərin yaranmasına şərait yaradır. Yəni onun yaşadığı şəraitin də çox böyük rolu var. Məsələn, insanın qəbul etdiyi qidalar təmiz deyilsə, süni qatqılardan normadan çox istifadə olunubsa və insan orqanizminə normadan artıq yığılıbsa, təbii ki, bunlar insanı yaşından qabaq qoca göstərir.

Bundan başqa insanın bədənində genetik olaraq bəzi proseslər gedir. Həmin proseslər onun gələcəkdə az və ya çox yaşamağına şərait yaradır.

Birinci səbəb insanın sağlam həyat tərzi keçirməməsidir. İkinci səbəb isə insanın həyatının ağır keçməsi, uzunmüddətli sinir və psixoloji gərginlik yaşamasıdır.

Bütün bunlar insanın vaxtından əvvəl qocalmasına səbəb olur. İnsan daim stress altında olur, düzgün qidalana bilmir, zərərli vərdişlərə sahib olur. Buna görə onun təqvim yaşı ilə bioloji yaşı üst-üstə düşmür.

Bu fərq insan orqanizmində müəyyən metabolik proseslərin pozulmasına səbəb olur. Metabolik proseslərin pozulması isə xərçəng və başqa xəstəliklərin baş qaldırması üçün əlverişli şərait yaradır.

İnsanın yaşadığı mühitin də bu baxımdan böyük rolu var. Məsələn, qəbul etdiyi qidalar təmiz deyilsə və onların tərkibində süni qatqılar normadan artıqdırsa, bu maddələrin orqanizmdə toplanması insanı vaxtından əvvəl qoca göstərir. Bundan başqa, insan orqanizmində genetik olaraq gedən müəyyən proseslər də var. Həmin proseslər insanın gələcəkdə daha uzun və ya daha qısa ömür sürməsinə təsir göstərir”.

Rasif Bağırov həmçinin deyib: “Belə bir protein var, ona GLA proteini deyirlər. Bəzən həmin zülal uşaqlar kiçik yaşda olarkən yoxlanılır. Çəkisi az doğulan uşaqlarda bu proteinin miqdarı daha çox, çəkisi yüksək olan uşaqlarda isə daha az olur. Adətən uşaqlar 3 kiloqram və ya ondan aşağı çəki ilə doğulur. Lakin 4 kiloqram və ya ondan artıq çəki ilə doğulan uşaqlar da olur. Bu insanların çox vaxt daha uzunömürlü olduğu bildirilir. Bu, elmi cəhətdən sübut olunmuş genetik bir prosesdir”.

Rasif Bağırovun fikrincə, sümüklərin inkişafı genetik faktorla əlaqəlidir: “Sümüklərin inkişafı ilə bağlı belə bir fikir var: adətən, D vitamini kifayət qədər olan insanlarda sümüklərin daha yaxşı inkişaf etdiyi bildirilir. Lakin bəzən D vitamini səviyyəsi aşağı olsa da, bəzi insanlarda “simoforin 3A” adlanan bir elementin sümük toxumasında olduğu deyilir. O adamların sümüklərin daha möhkəm olduğu və osteoporoz (sümük toxumasının zəifləməsi və dağılması) heç onlara aid olmur. Bu, genetik faktordur”.

Rsif Bağırovun sözlərinə görə, bəzi insanlarda bioloji yaş xronoloji yaşa uyğun gəlmir: “İnsanlar bioloji olaraq eyni formada dünyaya gəlmirlər.

Bəzi insanların orqanizmi uzunömürlülüyə daha uyğun gəlir. Lakin bu uyğunluğa baxmayaraq, ətraf mühitin mənfi təsirləri həmin orqanizmi də zəiflədə və sağlamlıq vəziyyətini pisləşdirə bilər. Amma GLA insan orqanizmdə çox olanda ömrü az olur, orqanizmdə az olanda ömrü çox olur. O insanlar uzunömürlü olur bilər. Lakin insanın yaşadığı mühit və həyat tərzi orqanizmi vaxtından əvvəl qocaldırsa, təbii ki, həmin faktorların köməyi olmur. Belə insanlar vaxtından əvvəl qocalır, vaxtında əvvəl ölürlər.

Əslində bioloji və xronoloji yaşın bir-birinə uyğun gəlib-gəlməməsi insanların yaşadığı mühitdən, yəni istirahət və əmək şəraitindən, ekoloji faktorlardan, həmçinin qidalanma və radiasiya kimi təsirlərdən asılıdır.

Bütün bu amillər, eləcə də, zərərli vərdişlərə meyillilik insan orqanizminə təsir göstərir.

Nəticədə bəzi insanlarda bioloji yaş xronoloji yaşa uyğun gəlmir. Bəzən isə, əksinə, insanın bioloji yaşı xronoloji yaşından daha gənc görünür. Məsələn, 70 yaşı olan bir insana baxdıqda, ona 50 yaş vermək mümkün olur. Bu, onun orqanizminin genetik xüsusiyyətləri və yaşadığı mühitin təsiri ilə bağlıdır. Əgər insan üçün yaradılan şərait normaldırsa və orqanizm uyğunlaşmış vəziyyətdədirsə, qocalma prosesi daha gec baş verir”.

Rasif Bağırov deyir ki, xərçəngin əmələ gəlmə səbəbləri hələ aydınlaşdırılmayıb: “Qocalma prosesinin ləngiməsi təkcə xərçəng xəstəliyi ilə deyil, ümumilikdə bir çox xəstəliklərin yaranma riskinin azalması ilə də əlaqələndirilir.

Əksinə, orqanizmin tez qocalması müxtəlif xəstəliklərin yaranmasına və ömrün qısalmasına səbəb ola bilər. Burada yalnız konkret olaraq xərçəng xəstəliyinə fokuslanmağı düzgün hesab etmirəm. Çünki xərçəngin əmələ gəlmə səbəbləri hələ aydınlaşdırılmayıb ki, bir insana: "Sən bunu belə et, xərçəng olmayasan”.

Rasif Bağırov əlavə edib: “Adam var, ömür boyu siqaret çəkmir, ağciyərində xərçəng olur. Adam da var, ömrünün axırana qədər siqaret çəkir, ağciyərində xərçəng olmur.

Bu adamlar 5-10 nəfər deyil. Kifayət qədərdir.

Ona görə də xərçəng xəstəliyinin səbəbi ilə bağlı bu faktlar deyilirsə, onlar hələ tədqiqat mərhələsində ola bilər. Gələcəkdə dərin tədqiqatlar nəticəsində, hər hansı bir konkret fikrə gəlmək olar, ancaq hazırda onların dediklərinə səbəb kimi baxa bilmərik”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »