Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tusk: Polşa NATO sammitində Ukraynaya yeni maliyyə dəstəyi vədləri verməyəcək
Tusk: Polşa NATO sammitində Ukraynaya yeni maliyyə dəstəyi vədləri verməyəcək

Polşa NATO-nun Ankarada keçiriləcək sammitində Ukraynaya yeni maliyyə dəstəyi ilə bağlı əlavə öhdəliklər götürməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk mətbuat konfransında bildirib.

Tusk hökumətin mövqeyi barədə ölkə prezidenti Karol Navrotskini də məlumatlandırdığını deyib. Polşanı qarşıdakı NATO sammitində məhz prezident təmsil edəcək.

Baş nazirin sözlərinə görə, sammit Avropanın öz müdafiə qabiliyyətinə və onun maliyyələşdirilməsinə görə məsuliyyəti ilə bağlı məsələyə yekun aydınlıq gətirəcək.

Donald Tusk vurğulayıb ki, Polşa Ukraynaya dəstəyin vacibliyi ilə bağlı mövqeyini dəyişmir. Bununla belə, Varşavanın NATO və Avropa İttifaqının şərq cinahının müdafiəsində xüsusi yük daşıdığını nəzərə alaraq, yeni maliyyə öhdəlikləri ilə bağlı bəyanatların verilməsində ehtiyatlı olmağa çağırıb.

"Ukraynanın maliyyə dəstəyinə ehtiyacı olmadığını düşünmürəm. Lakin Polşanın Avropa İttifaqının bütün şərq sərhədinin qorunması ilə bağlı çox ciddi öhdəlikləri var və hər kəs bunu nəzərə almalıdır. Ukrayna müharibə aparır, amma Polşa da sərhədimizin müdafiəsində əsas yükü daşıyır və Avropanı şərqdən gələn təhdidlərdən qoruyur. Buna görə də Polşaya xüsusi yanaşılmalıdır", – deyə Tusk bildirib.

O əlavə edib ki, Polşa ilə Ukrayna arasında yaxşı münasibətlər hər iki ölkənin maraqlarına uyğundur, lakin bunun üçün Kiyevin də xoş niyyət nümayiş etdirməsi vacibdir.

"Artıq elə olmamalıdır ki, yalnız Varşava daim xoş niyyət göstərsin. Amma istərdim ki, bu prinsipial mövqe laqeydlik və ya düşmənçiliklə müşayiət olunmasın. Çünki bunun heç bir səmərəli nəticəsi olmayacaq", – deyə Polşanın baş naziri vurğulayıb.

Ekspertlərin fikrincə, Polşa və Ukraynanın ortaq rəqibi Rusiya olsa da, "Ukrayna Üsyançı Ordusu" ifadəsi ilə bağlı tarixi mübahisə getdikcə hər iki ölkədə daxili siyasi mübarizənin alətinə çevrilir.

Polşada bu məsələ gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi müzakirələri daha da kəskinləşdirib. Milliyyətçi qüvvələr bundan mərkəzçi, Avropa İttifaqını dəstəkləyən siyasi düşərgəyə qarşı üstünlük qazanmaq üçün istifadə etməyə çalışırlar. Ukraynada isə bu mübahisə milli qəhrəmanların kim olması məsələsinə xarici qüvvələrin müdaxiləsinin yolverilməzliyi kimi qiymətləndirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »