Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat bildirib ki, ölkənin ballistik raketlərə qarşı müdafiə imkanlarının təcili şəkildə gücləndirilməsinə ehtiyac var.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, iyulun 2-nə keçən gecə Rusiyanın həyata keçirdiyi kütləvi hava hücumu zamanı 25 ballistik raket hədəfə çatıb. Əsas zərbələr Kiyevə endirilib.
İqnat qeyd edib ki, qanadlı raketlərin demək olar ki, hamısı məhv edilib. "Kalibr" və "X-101" tipli raketlər əsasən Ukraynanın "F-16" qırıcıları və digər döyüş təyyarələri tərəfindən vurulub. Lakin ballistik raketlərin qarşısının alınmasında mövcud imkanlar kifayət etmir.
Onun sözlərinə görə, hazırda bu təhlükəyə qarşı ən effektiv vasitə "Patriot" zenit-raket kompleksləri və onlar üçün raketlərdir. İqnat bildirib ki, həmin raketlər təkcə Ukraynada deyil, bütün dünyada qıtlıq təşkil edir və bu vəziyyətə Yaxın Şərqdəki münaqişələr də təsir göstərir.
İqnat həmçinin Rusiyanın son hücumlarda reaktiv pilotsuz uçuş aparatlarından daha çox istifadə etdiyini deyib. O bildirib ki, bu dronlar saatda 300–500 kilometr sürətlə hərəkət etdiyindən mobil atəş qrupları onları effektiv şəkildə zərərsizləşdirə bilmir. Buna görə onların məhv edilməsi üçün zenit-raket sistemləri və döyüş aviasiyasından istifadə olunur.
Ukrayna mətbuatının verdiyi məlumata görə, ötən gecə Rusiya Ukraynaya 74 raket və 496 müxtəlif tipli pilotsuz uçuş aparatı buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri 48 raketi və 476 dronu məhv etsə də, 25 ballistik raketin və 12 zərbə dronunun hədəfə çatdığı bildirilib.
Kiyevdə hücum nəticəsində azı 17 nəfərin öldüyü açıqlanıb.
Bizimyol.info






