Fransada xəstəxanalar gələn həftənin ortalarından etibarən gözlənilən yeni anomal istilər dalğasına qarşı təcili hazırlıq işlərinə başlayıblar. Sinoptiklərin proqnozuna görə, ölkəni yenidən yüksək temperatur gözləyir. Bu səbəbdən tibb müəssisələri son günlər yaşanan böhranlı vəziyyətin təkrarlanmaması üçün iş prosesini yenidən təşkil edirlər.
Bizimyol.info xəbər verir ki, "Euronews"un məlumatına görə, əvvəlki istilər dalğası Fransanın səhiyyə sistemi üçün ciddi sınaq olub. Xəstəxanalar xəstə sayının kəskin artması, tibbi avadanlıq çatışmazlığı və qısa müddətdə yeni yardım üsullarının tətbiqi zərurəti ilə üzləşiblər.
Orse şəhərində yerləşən Paris Saclay Xəstəxanasının direktoru Sedrik Lüsiye bildirib ki, xəstəxanaların üzərinə düşən yük gözləniləndən qat-qat çox olub.
Onun sözlərinə görə, tibb müəssisələri fasiləsiz, gecə-gündüz fəaliyyət göstərib və yaranmış böhran mövcud infrastrukturun ekstremal isti hava şəraitinə kifayət qədər uyğun olmadığını üzə çıxarıb.
Bundan sonra xəstəxanalarda əlavə kondisioner sistemlərinin quraşdırılmasına başlanılıb, dərman preparatlarının saxlanma qaydalarına yenidən baxılıb və onlar soyudulan otaqlara köçürülüb. Eyni zamanda, ən həssas şöbələrin fəaliyyəti yenidən təşkil edilib. Xüsusilə yaşlı xəstələrin müalicə olunduğu şöbələr isti havadan daha yaxşı qorunan müasir binalara köçürülür.
Həkimlər mövcud avadanlıqlardan fərqli məqsədlərlə də istifadə etməyə başlayıblar. Adətən hərəkət qabiliyyəti məhdud xəstələrin gigiyenik qulluğu üçün nəzərdə tutulan duş xərəkləri ağır hipertermiyadan əziyyət çəkən xəstələrin bədən temperaturunu aşağı salmaq üçün tətbiq olunur. Bundan əlavə, buz və soyuq su ilə doldurulan xüsusi vannalardan da pasiyentlərin temperaturunun təcili şəkildə endirilməsi məqsədilə istifadə edilir.
Yaranmış vəziyyətlə əlaqədar Fransanın Baş naziri Sebastyen Lekornü ekstremal istilərdən ən çox zərər çəkmiş tibb müəssisələrinin modernləşdirilməsi üçün 100 milyon avro həcmində xüsusi investisiya proqramının başladıldığını elan edib.
Hökumət yaxın günlərdə ölkənin xəstəxanaları və digər sosial müəssisələri arasında bölüşdürülmək üçün 30 min kondisionerin tədarükünə də başlayacağını açıqlayıb.
Fransa hökuməti hesab edir ki, iqlim dəyişikliyi səbəbindən ekstremal istilər daha tez-tez müşahidə olunur. Buna görə də səhiyyə sisteminin yeni iqlim şəraitinə uyğunlaşdırılması dövlətin əsas prioritetlərindən biri kimi qiymətləndirilir.
Bizimyol.info






