Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti (EEAS) dəyişən qlobal reallıqlara uyğunlaşmaqda çətinlik çəkir. Buna səbəb qurumun konkret təşəbbüslər irəli sürmək əvəzinə, daha çox mücərrəd və idealist dəyərləri ön plana çıxarmasıdır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən Aİ rəsmisi bildirib ki, Çin və ya Vyetnam kimi ölkələrin nümayəndələri ilə görüşlər zamanı Avropa tərəfinin yanaşması ciddi qarşılanmır.
"Çinli və ya vyetnamlı tərəfdaşlarla görüşəndə onlar sizə baxıb soruşurlar: “Siz bunu doğrudan deyirsiniz?” Adətən insanlar danışıqlara konkret məsələlərlə gəlirlər. Biz isə yalnız “demokratiyanın inkişaf etdirilməsi” kimi ümumi ifadələr səsləndiririk", – deyə Aİ rəsmisi qeyd edib.
O, həmçinin vurğulayıb ki, Aİ-nin xarici siyasət xidməti planlaşdırma baxımından Avropa Komissiyasının digər strukturlarından geri qalır. Onun sözlərinə görə, Komissiyanın əksər qurumlarında bir və ya iki il ərzində hansı nəticələrin əldə ediləcəyinə dair aydın məqsədlər müəyyənləşdirilir. Lakin EEAS-də nə Əfqanıstanda, nə də dünyanın hər hansı digər bölgəsində bir il sonra hansı nəticəyə nail olunmasının hədəfləndiyi barədə dəqiq təsəvvür yoxdur.
Bizimyol.info






