Dövlət başçısı səlahiyyətlərini icra edən Delsi Rodriges sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ölkənin dərin hüzn içində olduğunu bildirib. O, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq yerli vaxtla saat 18:00-dan etibarən 7 günlük milli matəm elan edildiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, zəlzələdən zərər çəkən 80,8 mindən çox ailəyə humanitar yardım çatdırılıb. Axtarış-xilasetmə əməliyyatlarında 26 mindən çox Venesuela əməkdaşı, xarici ölkələrdən gələn 3 660 xilasedici, 148 xüsusi təlim keçmiş axtarış iti və 49 texniki vasitə iştirak edir. Bundan başqa, 15 467 könüllü də əməliyyatlara cəlb olunub.
ABŞ Geoloji Xidməti (USGS) iyunun 24-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələnin baş verdiyini açıqlamışdı. BMT-nin İnkişaf Proqramının (UNDP) hesablamasına görə, təbii fəlakətin vurduğu birbaşa fiziki ziyanın dəyəri 6,7 milyard dollar təşkil edir.
Son məlumata əsasən, zəlzələlər nəticəsində həlak olanların sayı 2 295 nəfərə çatıb, itkin düşənlərin sayı isə 68 mini ötüb. Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı istisna edilmir.
Bizimyol.info






