Pentaqon Venesuelada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım məqsədilə müxtəlif tapşırıqların icrasına təxminən 2 min ABŞ hərbçisini cəlb edib.
Bizimyol.info xəbər verir ki, bu barədə iyulun 1-də ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri Frensis Donovan məlumat verib.
Donovan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, hazırda ABŞ Silahlı Qüvvələrinin bölgədə təxminən 2 min hərbçisi fəaliyyət göstərir. Onlar quruda, havada və dənizdə xidmət aparır, həmçinin Venesuela ətrafında yerləşdiriliblər.
Onun sözlərinə görə, hərbçilər hər gün axtarış-xilasetmə əməliyyatlarına dəstək verir, zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək edir və zəruri humanitar yüklərin çatdırılmasını təmin edirlər.
General əlavə edib ki, ABŞ Venesuelada və onun ətrafında həyata keçirilən əməliyyatları dəstəkləmək üçün hərbi-nəqliyyat təyyarələri, quru texnikası və hərbi gəmilərdən də istifadə edir. Donovan vurğulayıb ki, tapşırıqlar başa çatdıqdan sonra ABŞ hərbçiləri Venesuelanı tərk edərək regiondakı əvvəlki fəaliyyətlərinə qayıdacaqlar. ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının məsuliyyət zonasına Mərkəzi və Cənubi Amerika, eləcə də Karib hövzəsi daxildir.
İyunun 30-da Frensis Donovan demişdi ki, ABŞ yardım əməliyyatları çərçivəsində birbaşa Venesuela ərazisində 900-dən çox hərbçi yerləşdirib.
Xatırladaq ki, Venesuelada güclü zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Son məlumata görə, təbii fəlakət nəticəsində 2 295 nəfər həyatını itirib.
Qadir, Bizimyol.info






