Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hövsanda evləri sökülənlərə aşağı kompensasiya məbləği təyin olunub
Hövsanda evləri sökülənlərə aşağı kompensasiya məbləği təyin olunub

Paytaxtın ayrı-ayrı yerlərindəki söküntülər qalmaqalsız ötüşmür. Sakinlər, adətən, təyin olunan kompensasiya məbləğindən narazı qalırlar. Bir vaxtlar şəhərin Sovetski adlanan ərazisində belə olmuşdu. Şəhərin Kubinka kimi tanınan hissəsində də son illər az şikayət görməmişik. Burada sakinlərin bir hissəsi təyin olunan məbləğlə razılaşıb, amma yaşayış yerini tərk etmək istəməyənlər heç az deyil. Bayırşəhərdə sakinlərin narazılığı hələ də davam edir. Bu yerlərdə gərginlik səngimir.

Bizimyol.info xəbər verir ki, Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası üçün Hövsanda tikililərin sökülməsi prosesinə başlanılıb. Təyin olunan məbləğin çox aşağı olması diqqət çəkir. Sökülməsi planlaşdırılan fərdi evlərin hər kvadratmetrinə görə 1200 manat kompensasiya nəzərdə tutulub.

Hələlik Hövsanın məlum hissəsindəki sakinlərin narazılığı eşidilmir. Ola bilər ki, irəlidə məsələ çox səs-küy ortaya çıxaracaq. Çünki sakinlərin 1200 manatla razılaşması inandırıcı görünmür. Amma sosial şəbəkələrdəki müzakirələrdə ortaq fikir müşahidə edilmir. Dəmir yolu xəttinin yaxınlığını yaşayış yeri seçilənləri qınayanlar çoxdur. Hər şeydən əvvəl orada ev tikməyin məntiqsizliyi qeyd olunur. Üstəlik, həmin evlərin uyğun sənədinin olmaması bildirilir. Sosial şəbəkə istifadəçiləri yazır ki, məhz bu amilə görə etiraz edən olmayacaq.

Müzakirələrdə məbləğin aşağı olması da xüsusi qabardılır. Yazırlar ki, “mənzillərin belə bahalıq dövründə evin hər kvadratmetrinə necə 1200 manat təklif etmək olar?” Həqiqətən də, indi bu məbləğlə şəhərin elə o hissəsində mənzil sahibi olmaq mümkünsüzdür. Yeni tikilən binalarda tamamilə təmirsiz mənzillərin kvadratmetri 1400-1600 manat arası satılır. Nəzərə almaq lazımdır ki, dəmir yolu xətti ətrafındakı evlər geniş deyil. Yəni ev sahiblərini ümumilikdə böyük məbləğ gözləmir. Bu mənada kompensasiya şərtlərinin yaxşı olmasından danışmağa dəyməz.

Ümumiyyətlə, qanunsuz tikililərlə bağlı daim qeyri-müəyyənlik hiss olunur. Vaxtında prosesə göz yumulması həmin sakinlərin yaşayış hüququnun tanınması anlamına gəlir. Bu halda çox aşağı kompensasiya məbləğinin təklifi adekvat görünmür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »