Hətta mütəxəssislər də mənzil bazarından baş aça bilmir. Qiymətlər əhalinin gəlirlərindən çox uzaqdır. Statistik göstəricilərə nəzər saldığımız Qərb ölkələrinin heç birinin paytaxtında mənzillərin bir kvadrat metrinin qiyməti median əməkhaqqıdan 5-6 dəfə çox deyil. Bu qədər uyğunsuzluq şəraitində yenə mənzil sahibi olmaq istəyənlərin sayı böyükdür. Halbuki ipoteka şərtləri istəyə çatmağa heç yaramır.
Bizimyol.info xəbər verir ki, dövlət ipotekaları kəskin azalıb. Azalma 76,1 faiz olub. Bankların ilk rübdə verdiyi ipoteka məbləğində isə 2,2 faiz azalma qeydə alınıb.
İpoteka kreditləri ilə bağlı bir vacib həqiqət odur ki, bu proses süni qiymət artımını ən çox tətikləyən amil sayılır. Hər dəfə ipoteka dönəmində mənzil qiymətləri az qala 10 faizə qədər artır. Ekspertlər belə düşünür ki, qiymətlərin bu qədər yüksək olması normal deyil. Əhalinin nəinki real, hətta nominal gəlirləri də məvaciblə ev əldə etməyi mümkünsüz göstərir.
Faizlər çox yüksəkdir. İllik 8 faizlə mənzil almaq insanların maddi sabitliyinə ağır zərbə vurur. Üstəlik, ayrılan rəsmi ipoteka məbləği mənzil əldə etmək üçün yetərli deyil. Uzağı 150 min manat almaqla paytaxtın cəlbedici yerlərində istəyə çatmaq olmur. Çünki ikiotaqlı mənzillər bu məbləğdən daha yüksək qiymətə təklif olunur. Üçotaqlı mənzillərdən isə heç danışmağa dəyməz.
Dövlət ipotekalarının azalmasında şərtlərin çətinləşməsi rol oynamaya bilməz. Həmin şərtləri ödəmək gücündə olanların sayı azalıb. Bura faizlərin yüksək olması, məbləğlərin getdikcə daha vahiməli görünməsi də əlavə edilməlidir. Bu situasiyada ipoteka krediti cəlbediciliyini itirir.
Ümumiyyətlə, ipoteka kreditləri daha çox mənzil bazarını canlı saxlamağa xidmət edir. Məhz limit açılması dönəmində bazarda ciddi canlanma yaranır. Əlbəttə, Bakının ayrı-ayrı yerlərində söküntü işlərinin aparılması da özünü göstərir. Amma ipoteka kreditləri bazara ciddi pul kütləsi gətirir. Son hesabat isə burada geriləməni ortaya qoyur. Görünür, mənzil bazarı yavaş-yavaş böhran dövrünə qədəm qoyur.
Aytən, Bizimyol.info






