İranın ali dini lideri ayətullah Əli Xamneyinin ABŞ-la İsrail silahlı qüvvələrinin zərbələri nəticəsində həlak olduğu iddia olunur. Onun cənazəsinin İraqa aparılacağı və burada şiə müsəlmanlar üçün vida mərasimlərinin keçiriləcəyi bildirilir.
Bizimyol.info xəbər verir ki, məlumatı Tehranda keçirilən brifinqdə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Beqai açıqlayıb.
Onun sözlərinə görə, iki ölkənin hakimiyyət orqanları artıq “mərasimlərlə bağlı zəruri məsləhətləşmələr” aparıb, İraqda İran tərəfi ilə koordinasiya üçün xüsusi komitə yaradılıb.
Vida və dəfn mərasimlərinin təşkili üzrə qərargahın katibi Ali Akbar Pourjamsşidian bildirib ki, Xamneyinin cənazəsi 8 iyulda İraqa göndəriləcək.
Qeyd olunur ki, Kərbəla və Nəcəf şəhərləri şiə müsəlmanlar üçün müqəddəs sayılır və mərasimlərin də bu şəhərlərdə növbəli şəkildə keçirilməsi planlaşdırılır.
Bildirilib ki, ABŞ-la İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb və Tehranın da daxil olduğu bir sıra şəhərlər zərbələrə məruz qalıb. ABŞ tərəfi hücumu İranın raket və nüvə təhlükəsi ilə əsaslandırıb.
Məlumatda həmçinin qeyd olunur ki, hücumlar nəticəsində ali lider və ölkənin bir sıra yüksək vəzifəli şəxslərinin həlak olduğu iddia edilir.
İran dövlət televiziyası isə daha əvvəl bildirmişdi ki, vida mərasimləri 4–6 iyul tarixlərində Tehranda, 7 iyulda Qumda keçiriləcək, dəfn mərasimi isə 9 iyulda Məşhəddə baş tutacaq.
Bizimyol.info






