Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ilə bağlı ağlasığmaz korrupsiya iddiaları ortaya çıxıb.
Bizimyol.info xəbər verir ki, “Gununsesi.info”nun məlumatına görə, aparılan yoxlamalar nəticəsində son illərdə təxminən 1 milyard manat dövlət vəsaitinin mənimsənildiyi müəyyən olunub. Bildirilib ki, bu vəsaitin geri qaytarılması ilə Saleh Məmmədovdan tələb olunub. “Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək”, - deyə mənbə bildirib.
“Daha əvvəl 400 milyon manatlıq vəsaitin yoxa çıxmasından bəhs edilsə də, hazırda bu rəqəmin 1 milyard manatı keçdiyi iddia olunur”.
- Qurumda aşkar olunduğu iddia edilən maliyyə pozuntuları və 1 milyard manata yaxın vəsait itkisi ilə bağlı rəsmi mövqeyiniz nədir?
Yaranan sualla bağlı aprelin 3-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlanladıq. Qurumdan bildirildi ki, sorğu rəsmi formada elektron poçt ünvanlarına göndərilməlidir.
Sorğu tələb olunan qaydada göndərildi. 3 gün sonra sorğunun aqibəti ilə bağlı müraciət etdikdə dedilər: “Səbir edin, sorğuların cavablandırılması müəyyən müddət tələb edir”.
Lakin artıq iyun ayı olmasına baxmayaraq, sorğu cavabsız qalıb.
İyunun 3-də yenidən müraciət edərək sorğunun vəziyyəti ilə bağlı məlumat istəsək də, cavab verilməmişdi. İyunun 5-də zəng edib soruşduqda isə: “Yadda deyil, yenidən göndərin, dəqiqləşdirib məlumat verəcəyik” dedilər. İyunun 11-də bir daha sorğunun taleyi ilə bağlı müraciət elədik, ancaq yenə də cavab olmadı. Sonuncu dəfə isə dünən sorğu ilə bağlı yazaraq açıqlama istədik, lakin heç bir cavab verilmədi.
Beləliklə, aylardır davam edən sorğulara baxmayaraq, konkret nəticə əldə olunmayıb.
Günel Həsənova, Bizimyol.info






