ABŞ Prezidenti Donald Trampın sərtləşdirilmiş miqrasiya siyasəti ölkənin ali təhsil müəssisələrinin gəlirlərinə ciddi mənfi təsir göstərib.
Bizimyol.info xəbər verir ki, "The Washington Post" qəzetinin universitetlərin məlumatlarına istinadən yaydığı xəbərə görə, xarici tələbələrin sayının azalması nəticəsində bir çox universitet böyük maliyyə itkiləri ilə üzləşib.
Federal statistikanın məlumatına əsasən, 2026-cı ilin aprel-may aylarında ABŞ-da təhsil alan xarici tələbələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalıb. Halbuki, xarici tələbələr ölkə üzrə ümumi tələbələrin orta hesabla 6 faizini təşkil etsələr də, onların ödədiyi təhsil haqları universitetlərin ümumi gəlirlərinin 12 faizdən çoxunu təmin edir.
Kaliforniya Universitetinin iqtisadiyyat professoru Dik Starts bildirib ki, yaranan büdcə kəsirini ya təhsil haqlarının artırılması, ya da xərclərin azaldılması hesabına kompensasiya etmək lazım gələcək.
Bəzi universitetlərdə xarici tələbələrin payı 30 faizə çatır. Bu səbəbdən həmin ali məktəblər miqrasiya siyasətindəki dəyişikliklərin təsirini daha kəskin hiss edirlər. Məsələn, Şimali Texas Universiteti son bir ildə təxminən 2,8 min xarici tələbə itirib. Hər bir tələbədən orta hesabla 20-25 min dollar gəlir əldə oluna biləcəyi nəzərə alınarsa, universitet ümumilikdə 45 milyon dollara yaxın vəsaitdən məhrum olub və nəticədə 71 təhsil proqramını bağlamağa məcbur qalıb.
Xatırladaq ki, Donald Tramp 2025-ci ilin yanvarında ABŞ-ın 47-ci prezidenti kimi vəzifəyə başladıqdan sonra dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlişindən əvvəl ölkəyə təxminən 25 milyon nəfər qanunsuz daxil olub. O, bütün olanlara baxmayaraq, immiqrasiya siyasətinin daha da sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Bizimyol.info






