İsrail hökumətinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımaq istiqamətində qəbul etdiyi qərar yalnız tarixi qiymətləndirmə kimi deyil, eyni zamanda müasir beynəlxalq siyasət və regional diplomatiya kontekstində dəyərləndirilməli olan çoxşaxəli bir inkişafdır.
Bu qərarın Türkiyə ilə İsrail arasında son dövrlərdə onsuz da kifayət qədər kövrək xarakter daşıyan münasibətlərdə yeni bir gərginlik sahəsi yaradacağı aydındır. Lakin bu hadisəni yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirmək kifayət etməz. Çünki məsələ tarixi yaddaşın, beynəlxalq hüququn, xarici siyasətin və regional güc balansının kəsişdiyi həssas bir nöqtədə yerləşir.
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,
Türkiyənin bu qərara verdiyi reaksiya uzun illərdir davam etdirdiyi dövlət siyasətinin və diplomatik yanaşmasının davamı xarakteri daşıyır.
Ankara 1915-ci il hadisələri ilə bağlı qiymətləndirmələrin siyasi qərar mexanizmləri deyil, tarixi araşdırmalar və beynəlxalq hüquq prinsipləri əsasında aparılmalı olduğu mövqeyini ifadə edir. Bu çərçivədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında qərarın “tarixi və hüquqi həqiqətlərdən uzaq, siyasi motivlərlə qəbul edildiyi” vurğulanmış, eyni zamanda bu addımın Qəzza kontekstində İsrailə yönəlmiş beynəlxalq tənqidləri kölgədə qoymağı hədəflədiyi barədə qiymətləndirmə ictimaiyyətlə bölüşülmüşdür. Bu yanaşma Türkiyənin son dövrlərdə Fələstin məsələsi ilə bağlı izlədiyi fəal diplomatik xəttin təbii davamı kimi qiymətləndirilə bilər” - deyə ekspert bildirib.
O deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması da diqqət çəkir. Rəsmi Bakı İsrail hökumətinin qərarının “ciddi narahatlıq doğurduğunu” ifadə edib, 1915-ci il hadisələrinin siyasi qərarların predmetinə çevrilməsini qəbuledilməz hesab etdiyini bildirib. Açıqlamada tarixi həqiqətlərin təhrif edilməsinin və mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasiləşdirilməsinin regional sülhə töhfə verməyəcəyi xüsusi vurğulanıb. Bundan əlavə, Azərbaycan bu cür qərarların mövcud münaqişələri daha da dərinləşdirəcəyini və bölgədə davamlı sülh axtarışlarına zərər verəcəyini bildirərək İsrail hökumətini qərarını yenidən nəzərdən keçirməyə çağırıb.
Ekspert hesab edir ki, Azərbaycanın yanaşması diqqətçəkən şəkildə diplomatik tarazlığı qoruyan bir çərçivə təqdim edir. Bir tərəfdən strateji tərəfdaş olduğu Türkiyə ilə tarixi və siyasi həmrəyliyini nümayiş etdirərkən, digər tərəfdən istifadə etdiyi dildə beynəlxalq hüquqa, tarixi araşdırmalara və regional sabitliyə vurğu edərək məsələyə daha geniş diplomatik perspektivdən yanaşır. Bu isə Bakının son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasətin də əksidir.
Mehmet Gökhan Özçubukçu bildirir ki, İsrail baxımından isə bu qərarı yalnız tarixi mövqe dəyişikliyi kimi qiymətləndirmək kifayət etməyə bilər. Dövlətlərin xarici siyasət qərarları əksər hallarda beynəlxalq və regional proseslərdən müstəqil olmur. Buna görə də qərarın qəbul edildiyi zaman müxtəlif şərhlərin ortaya çıxmasına səbəb olur.
Xüsusilə Qəzza müharibəsindən sonra İsrailin beynəlxalq aləmdə ciddi diplomatik təzyiqlərlə üzləşdiyi bir dövrdə belə bir addım atılması Ankara başda olmaqla bəzi paytaxtlarda siyasi mesaj kimi qiymətləndirilir. Bununla yanaşı, beynəlxalq münasibətlər elmi baxımından dövlətlərin xarici siyasət seçimlərini yalnız bir səbəblə izah etmək düzgün olmaz.
Daxili siyasi dinamika, müttəfiqlərlə münasibətlər, beynəlxalq ictimai rəy və strateji hesablamalar birlikdə nəzərdən keçirilməlidir.
İradə Cəlil, Bizimyol.info






