Ukraynanın müdafiə sənayesi şirkətlərindən biri olan "Fire Point" yeni "FP-9" ballistik raket layihəsi üzərində işlərin yekun mərhələyə çatdığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, şirkətin həmtəsisçisi Denis Ştilerman PRESSING-ə müsahibəsində bildirib ki, raketin mühərriki artıq yer sınaqlarından keçirilir və yaxın vaxtlarda ilk uçuş sınaqlarına start veriləcək.
Ştilermanın sözlərinə görə, "FP-9" layihəsinin əsas texniki çətinliyi bərk yanacaqlı mühərriklərin istehsalı üçün xüsusi zavodun və iri həcmli qarışdırma sisteminin qurulması olub. O bildirib ki, bu mərhələ artıq tamamlanıb və ilk sınaq uçuşunun yaxın dövrdə həyata keçirilməsi planlaşdırılır.
Müsahibədə həmçinin Ukraynanın artıq 300 kilometrə qədər məsafəni vura bilən ballistik raketlərə sahib olduğu bildirilib. Lakin şirkət nümayəndəsi bu tip silahların hər zaman səmərəli istifadə olunmadığını, bəzi hallarda eyni döyüş effektinin daha ucuz pilotsuz uçuş aparatları ilə əldə edilə bildiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi PUA-lar 200 kiloqramlıq döyüş yükünü 380 kilometr məsafəyə xeyli aşağı xərclə daşıya bilir.
Ştilerman əlavə edib ki, Ukrayna kifayət qədər maliyyələşmə olduğu halda ballistik raket istehsalında Rusiya ilə rəqabət apara, hətta daha yüksək istehsal həcminə nail ola bilər. Onun sözlərinə görə, hazırkı strategiyanın əsas məqsədi mürəkkəb və baha həllərdən çox kütləvi istehsalın təmin edilməsidir.
Şirkət "FP-9" raketinin qiymətinin 1 milyon dollardan aşağı olacağını proqnozlaşdırır. Eyni zamanda, ilkin mərhələdə təxminən 20 sınaq nümunəsinin hazırlanması nəzərdə tutulur. Ştilermanın iddiasına görə, uğurlu sınaqlardan sonra Ukrayna ballistik raketlərinin yaxın aylarda daha geniş miqyasda istifadə perspektivi yarana bilər.
Bununla belə, hərbi ekspert Anatoli Xrapçinski hesab edir ki, müharibə şəraiti və müdafiə sistemlərinin inkişafı Ukraynanın bu silahı qısa müddətdə seriyalı istehsala çıxarmasını çətinləşdirir.
Bizimyol.info






