Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"KAI SY" (Sənə də!)... Qapıdan girən paxıl qonağa 1700 illik mesaj: Yerin altındakı sirli "kəmgöz" qalxanı - Video
"KAI SY" (Sənə də!)... Qapıdan girən paxıl qonağa 1700 illik mesaj: Yerin altındakı sirli "kəmgöz" qalxanı - Video

Qədim dünyanın lüks, ehtişam və intellektual ziyafətlərlə dolu kübar həyatının arxasında hər zaman gizli bir qorxu var idi: bədxah baxışlar, qısqanclıq və paxıllıq... Bu gün Hatayda silsilə kəşflərin ən mistik və emosional tapıntılarından biri olan "Kəmgöz" mozaikası, bəşəriyyətin ən qədim inanclarından birinin — "nəzər" fenomeninin daşlaşmış canlı şahididir.

Miladi III-IV əsrlərə aid olan bu unikal sənət əsəri, sadəcə bir zəmin bəzəyi deyil; o, ev sahibini və onun zənginliyini qorumaq üçün qurulmuş antik bir psixoloji qalxandır.

Bıçaqlanan göz, ilanlar və əqrəblər: Mozaikadakı dəhşətli dram

Evlərin girişinə yerləşdirilən bu mozaikanın mərkəzində insanı dərhal diksindirən böyük bir "Göz" təsvir edilib. Lakin bu göz tək deyil; o, qədim dünyanın ən təhlükəli simvollarının amansız hücumuna məruz qalır.

Kompozisiyada gözü kor etməyə çalışan bir quzğun, onu dişləyən pişik, it, pantera, eyni zamanda amansızca sancmağa çalışan əqrəb və ilan təsvirləri yer alır. Ən dramatik detal isə gözün tam ortasına sancılan kəsici bir bıçaqdır. Bu qorxunc və aqressiv vizual ssenari, evə daxil olan bədxah qonağın "kəmgöz"ünün (pis nəzərinin) dərhal necə cəzalandırılacağını və məhv ediləcəyini simvolizə edirdi.

Qapıdan girən paxıl qonağa antik mesaj: "KAI SY" (Sənə də!)

Bu mistik mozaikanı rəqəmsal dünyada və sənədli film tarixində bu qədər məşhur edən əsas sirr isə gözün düz yanında yunan əlifbası ilə qazınmış iki sözlük qədim şifrədir: "KAI SY" (καὶσύ).

Bu ifadə dilimizə hərfi olaraq məhz "Sənə də!" (və ya "Sən mənə nə arzulayırsansa, sənə də o olsun") kimi tərcümə olunur. Antik dövrün bu dahi "güzgü taktikası" vasitəsilə ev sahibi qapıdan girən qısqanc qonağa çox sərt bir mesaj verirdi: "Mənim bu lüksümə, xoşbəxtliyimə baxıb daxilində hansı pis niyyəti, lənəti bəsləyirsənsə, eynisi sənə də qismət olsun." Bu yazı bədxah baxışları sındıraraq sahibinə geri qaytaran qədim bir müdafiə qalxanı idi.

Bu gün qapılarımızdan asdığımız nəzər muncuqlarının 1700 il əvvəl daşlara işlənmiş ilkin forması olan bu mozaika da əsrlər boyu baş verən dağıdıcı zəlzələlərin təsiri ilə qismən dalğalı formaya düşüb. Lakin yerin altındakı tektonik hərəkətlər bu mozaikanın dalğalandırsa da, üzərindəki o kəskin ifadəni və qədim insanın inanc gücünü parçalaya bilməyib.

Bu gün o əsərin qarşısında dayanmaq, insan psixologiyasının min illər keçsə də dəyişməyən qorunma instinktinə və sənətin zamansızlığına heyranlıqla şahidlik etmək deməkdir.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »