Tarix bəzən ən böyük acıların ortasında öz yaddaşını bəşəriyyətə yenidən təslim edir. 6 fevral fəlakətinin ardından Hatay və onun qədim mərkəzi Antakya, sadəcə binaların deyil, minillik sivilizasiyaların sınaq meydanına çevrildi. Bu ağır sınaqdan möcüzəvi şəkildə bütöv çıxan və müasir muzey mühəndisliyinin şah əsəri hesab olunan Necmi Asfuroğlu Arxeologiya Muzeyində bu günlərdə qarşılaşdığımız bir stend, ziyarətçiləri dərindən sarsıdır: “Depremin ardından topraktan gelen miras”.
Bəs bütün şəhər yerlə-yeksan olarkən, bu polad sütunlu muzeyin altındakı o qədim stend bizə hansı hekayəni danışır?
Necmi Asfuroğlu Muzeyinin içində gəzərkən anlamaq olur ki, Antakya üçün zəlzələ sadəcə bir dağıntı deyil, həm də tarixin təbəqələrini bir-birinin üzərinə qatlayan ssenaristdir. Bu gün muzeyin altındakı o dalğalı mozaikaya baxanda görürük ki, miladdan əvvəl də, miladdan sonra da bu şəhər dəfələrlə yıxılıb və hər dəfə öz küllərindən yenidən doğulub. Polad dayaqlar üzərində dayanan muzey binası 6 fevralda insan mühəndisliyinin qədim mirasa olan hörməti sayəsində ayaqda qaldı. Torpaq isə öz bağrındakı əmanətləri – bişmiş torpaq lahidləri, qədim sikkələri və gil qabları sanki gələcəyə bir ismarış olaraq bizə təslim etdi: "Mən müvəqqəti olanı alıram, amma sənəti və yaddaşı qoruyuram."
Necmi Asfuroğlu Arxeologiya Muzeyindəki bu eksponatlar və "Torpaqdan gələn miras" stendi sübut edir ki, Hatayın köklərini yer üzündən silmək qeyri-mümkündür. Çünki şəhərin üstü nə qədər yaralansa da, yerin altı bəşəriyyətin ortaq yaddaşını bir ana bətni kimi qorumağa davam edir.
Orxan Musabəyli, Bizimyol.info






