ABŞ administrasiyası İranla konstruktiv dialoqun qurulmasına və bir sıra razılaşmaların əldə edilməsinə ümid edir.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Bəhreyndə keçirilən və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin iştirak etdiyi çoxtərəfli görüşdə bildirib.
Rubionun sözlərinə görə, Vaşinqton regiondakı ərəb tərəfdaşlarının dəstəyi ilə Tehranla danışıqlar üçün yaranmış imkanlardan istifadə etmək niyyətindədir.
“Bu masa ətrafında toplaşan bəzi tərəfdaşlarımızın köməyi ilə İranla konstruktiv dialoq qurmaq və razılaşmalar əldə etmək imkanından yararlanmaq istəyirik. Ümid edirik ki, bu proses müsbət nəticələr verəcək. Biz buna açığıq və buna hazırıq”, – deyə ABŞ dövlət katibi vurğulayıb.
Bununla yanaşı, Rubio qeyd edib ki, ABŞ İranla razılaşma əldə etməkdə maraqlıdır, lakin bunun hər hansı qiymətə baş verməsini istəmir. Onun sözlərinə görə, Vaşinqton yalnız etibarlı, real və icrasına nəzarət edilə bilən sazişin tərəfdarıdır.
“Biz razılaşma əldə etmək istəyirik, amma bu, istənilən şərtlərlə bağlanan saziş olmamalıdır. Yaxşı, real və yoxlanıla bilən bir razılaşma istəyirik. Həm danışıqlar zamanı, həm də ondan sonra əldə olunan öhdəliklərin yerinə yetirilməsi son dərəcə vacibdir”, – deyə Rubio bildirib.
ABŞ rəsmisinin açıqlamaları Vaşinqtonun İranla münasibətlərdə diplomatik həll yollarını gündəmdə saxladığını göstərsə də, rəsmi dairələr mümkün razılaşmanın ciddi nəzarət mexanizmlərinə və qarşılıqlı öhdəliklərin icrasına əsaslanmasının vacibliyini ön plana çıxarır.
Qadir, Bizimyol.info






