İsrailin "EL AL" aviaşirkəti İsrail ilə Rusiya paytaxtı Moskva arasında həyata keçirilən uçuşları müvəqqəti olaraq dayandırıb. Qərar sərnişinlərə rəsmi bildirişlər vasitəsilə çatdırılıb.
Bizimyol.info xəbər verir ki, aviaşirkətin açıqlamasına görə, qərar regionun hava məkanında yaranmış qeyri-sabit təhlükəsizlik vəziyyəti ilə bağlıdır.
Moskva şəhəri və Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı artan təhlükələr uçuşların təhlükəsiz icrasını çətinləşdirib.
Şirkət bildirib ki, Moskva aeroportlarında təhlükəsizlik səbəbilə vaxtaşırı tətbiq olunan məhdudiyyətlər hazırkı mərhələdə bu marşrut üzrə müntəzəm reyslərin həyata keçirilməsini mümkünsüz edir.
Uçuşları ləğv olunan sərnişinlərə səfər planlarını izləmək, biletlərin qaytarılması və ya dəyişdirilməsi üçün aviaşirkətin müştəri xidmətləri ilə əlaqə saxlamaq tövsiyə olunur.
"EL AL"in məlumatına görə, reyslərin bərpası yalnız bölgədə vəziyyət sabitləşdikdən və hava hərəkətinin təhlükəsizliyi tam təmin olunduqdan sonra mümkün olacaq.
Bizimyol.info






