Ukrayna Silahlı Qüvvələri hərbçiləri Müdafiə Nazirliyi tərəfindən tətbiq edilən yeni müqavilə sisteminin effektivliyinə şübhə ilə yanaşırlar.
Bizimyol.info xəbər verir ki, bu barədə “Financial Times” qəzeti hərbçilərin açıqlamalarına istinadən məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, aparılan islahatlar illərdir xidmət edən şəxsi heyət üçün demək olar ki, heç bir real dəyişiklik yaratmayıb. Onların bildirdiyinə əsasən, Müdafiə Nazirliyinin təklif etdiyi “xidmət müddətinə görə möhlət” gözlənildiyi qədər geniş imkanlar vermir və ilkin gözləntiləri qarşılamır.
Nəşr yazır ki, hərbçilər həmçinin hökumətin xidmət müddətləri ilə bağlı verdiyi dəqiq vədləri yerinə yetirmək qabiliyyətinə də şübhə edirlər. Ukrayna rəsmiləri və analitikləri isə hesab edirlər ki, hətta yeni müqavilələrə böyük sayda hərbçi imza atsalar belə, bu, məcburi səfərbərliyin ləğv olunmasına gətirib çıxarmayacaq.
Ukrayna Müdafiə Nazirliyi 15 iyun tarixində hərbçilər üçün dəqiq xidmət müddətləri olan yeni müqavilə sistemini tətbiq edib. Layihə iki illik müddəti əhatə edir və döyüş vəzifələrində xidmət edənlər üçün 6 aydan 24 aya qədər müqavilə bağlama imkanı yaradır. Xidmət edən hərbçilər üçün 10 aylıq, ehtiyatda olanlar üçün iki il iki ayadək, döyüş təcrübəsi olan ehtiyatda olanlar üçün isə 6 aylıq müqavilələr nəzərdə tutulur. Digər vəzifələr üçün xidmət müddəti iki il müəyyən edilib.
Bizimyol.info






