Memar Elçin Əliyev sosial media hesabında qeyd edib ki, Şamil Əzizbəyov küçəsi, 22 ünvanında yerləşən tarixi binanın ətrafı hasara alınıb.
O bildirib ki, bu bina Bakının tarixi yaddaşının bir hissəsi, şəhərin mədəni kimliyini formalaşdıran memarlıq irsinin önəmli nümunəsidir:
İnanmaq istəyirəm ki, ölkə rəhbərliyi şəhərin mərkəzində yerləşən bu ərazidə aparılan “abadlaşdırma” işlərini həyata keçirən bəzi məsuliyyətsiz və tamahkarlıqla hərəkət edən icraçıların fəaliyyətindən xəbərsizdir. Çünki belə tarixi binaların sökülməsi ilə bağlı qərarın nəticələri tam dərk edilərək verilməsi çətin təsəvvür olunur. Təəssüf ki, biz artıq çoxlu tarixi tikilini itirmişik və inkişaf adı altında bu cür itkilərə səssiz qalmaq doğru deyil.
Bu bina kiminsə laqeydliyinin, şəxsi maraqlarının və ya qeyri-peşəkar yanaşmasının növbəti qurbanına çevrilməməlidir. Tarixi məhv etmək asandır, amma onu yenidən yaratmaq mümkün deyil.”
Şamil Əzizbəyov küçəsi, 22 ünvanındakı tarixi bina ilə bağlı hər hansı söküntü və ya qorunma tədbiri planlaşdırılırmı?
Yaranan sualla bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) Bizimyol.info xəbər portalına bildirib: “Şamil Əzizbəyov küçəsi, 22 ünvanında yerləşən tarixi bina yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Həmin binanın daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi nəzərdə tutulur”.
Günel Həsənova, Bizimyol.info






