Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan Prezidentinin Şuşa səfəri nəyi göstərir?
Türkmənistan Prezidentinin Şuşa səfəri nəyi göstərir?

Azərbaycanın tarixi Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ölkənin müasir tarixinin ən möhtəşəm inkişaf layihələrindən biri hesab olunur. Bu prosesin mərkəzində isə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri dayanır.

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olmaları, burada yaradılmış şəraitlə tanış olmaları həm Böyük Qayıdış proqramının uğurlarının nümayişi, həm də Azərbaycan-Türkmənistan münasibətlərinin yüksək səviyyəsinin təzahürü kimi mühüm siyasi əhəmiyyət daşıyır.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Şuşa şəhərində salınmış birinci yaşayış kompleksi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin parlaq nümunəsidir.

“2021-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən təməli qoyulan bu yaşayış kompleksi qısa müddət ərzində ən müasir standartlara uyğun şəkildə inşa edilərək istifadəyə verilib. Ümumi sahəsi 8 hektara yaxın olan kompleksdə 23 yaşayış binası tikilib və burada 450 mənzil sakinlərin istifadəsinə təqdim olunub. Mənzillərin müxtəlif ölçülərdə olması ailələrin sosial tərkibi və ehtiyacları nəzərə alınmaqla planlaşdırılıb. Burada həm keçmiş məcburi köçkünlərin məskunlaşması, həm də Şuşada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşlarının yaşayışı üçün hərtərəfli şərait yaradılıb.

Yaşayış kompleksinin istifadəyə verilməsi təkcə yeni binaların tikilməsi deyil, eyni zamanda uzun illər doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıdışının təmin olunması deməkdir”-deyən politoloq bildirib ki, bu, Azərbaycan dövlətinin öz vətəndaşlarına verdiyi sözə sadiqliyinin, sosial ədalət prinsipinin və humanitar siyasətinin bariz göstəricisidir.

Uzun illər ərzində məcburi köçkün həyatı yaşamış insanların doğma Şuşaya qayıdaraq yeni və müasir şəraitdə həyatlarını davam etdirmələri dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha sübut edir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı artıq real nəticələr verməkdədir. Şuşa, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl və digər azad edilmiş ərazilərdə inşa olunan yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar, enerji və kommunikasiya infrastrukturu Azərbaycanın iqtisadi gücünün və dövlət idarəçiliyinin səmərəliliyinin göstəricisidir. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələri təkcə bərpa edilmir, eyni zamanda müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.

Politoloq vurğulayıb ki, Şuşada yaradılmış yaşayış kompleksində geniş abadlıq və yaşıllaşdırma işlərinin aparılması, sakinlərin istirahəti və sosial rifahı üçün zəruri infrastrukturun formalaşdırılması dövlətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir.

Bu yanaşma göstərir ki, Azərbaycanın məqsədi sadəcə dağıdılmış əraziləri bərpa etmək deyil, həmin bölgələri ölkənin ən müasir və inkişaf etmiş yaşayış məkanlarına çevirməkdir.

“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşaya səfəri və burada həyata keçirilən yenidənqurma layihələri ilə tanış olması da xüsusi siyasi məna daşıyır. Bu səfər Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Türk dünyasının mühüm mərkəzlərindən birinə çevrilən Şuşa artıq beynəlxalq tədbirlərə, yüksək səviyyəli görüşlərə və xarici dövlət başçılarının səfərlərinə ev sahibliyi edir. Bu isə şəhərin beynəlxalq nüfuzunun və geosiyasi əhəmiyyətinin artdığını göstərir”-deyən politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Şuşa qısa müddətdə təkcə öz tarixi simasını bərpa etməklə kifayətlənməyib, həm də regionun siyasi, iqtisadi və mədəni inkişafının əsas mərkəzlərindən birinə çevrilib. Bu gün Şuşa Azərbaycanın qüdrətinin, xalqımızın iradəsinin və dövlətimizin inkişaf strategiyasının rəmzidir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı və burada yaradılan yüksək yaşayış standartları Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin uğurunu nümayiş etdirir. Şuşada istifadəyə verilmiş birinci yaşayış kompleksi isə Böyük Qayıdış proqramının növbəti mühüm mərhələsi olmaqla yanaşı, Azərbaycanın gələcəyə inamla irəlilədiyini, Qarabağın sürətlə dirçəldiyini və bölgədə davamlı inkişafın təmin olunduğunu göstərən mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »