Azərbaycana turist axınının azalmasını həm müşahidələr, həm də statistika göstərir. Bir neçə gün əvvəl rəsmi şəkildə açıqlandı ki, ölkəyə gələn əcnəbilərin sayında 11 faiz azalma var. Hələ bu göstərici də turistlərin sayının nə qədər azalmasını dəqiq ortaya qoymur. Çünki ölkədə baş tutan müxtəlif beynəlxalq tədbirlər turizm sektorundakı acınacaqlı vəziyyəti ört-basdır etməyə kömək olur. Əslində, durum göründüyündən də ağırdır.
Bizimyol.info xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm” mövzusunda beynəlxalq konfransda maraqlı fikir dilə gətirib. O, iddia edib ki, artıq turizmdə uğur yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür.
“Müasir dövrdə turizm təkcə iqtisadi sektor deyil, eyni zamanda sosial rifahın, mədəni mübadilənin və ekoloji məsuliyyətin ayrılmaz hissəsidir. Çünki artıq turizmdə uğur yalnız turist sayının artması ilə deyil, həm də yaradılan dəyərin necə paylandığı, təbiətə və icmalara necə təsir etdiyi ilə ölçülür”, - deyə Fuad Nağıyev bildirib.
Rəsmi statistik rəqəmlərə əsasən, turistlərin sayının azaldığını, Nağıyevin isə uğuru sayla ölçmədiyini nəzərə alsaq, ehtimal edirik ki, bu azalma Dövlət Turizm Agentliyinin sədrini narahat etmir. Bəlkə də edir. Sadəcə bu barədə "rəsmi" məlumatımız yoxdur.
Turist sayının azalması həm də ölkəyə daxil olan vəsaitin həcmində özünü göstərir. Sektordakı böhran iaşə obyektlərini çətin vəziyyətə salır. Bakının mərkəzindəki restoranlar, mağazalar yüksək icarə haqqına turizmə güvənərək göz yumurdular. İndi böyük xərclərin öhdəsindən gəlmək olmur. Qəbələdə, Qusarda, Şəkidə restoranlar çətin günlərini yaşayır, obyektlərin bir hissəsi fəaliyyətini dayandırıb.
Ölkəyə turist az gəlirsə, bu, eyni zamanda sektordakı işçi qüvvəsinin qazancına təsir göstərir. Sürücülər, bələdçilər həmin saya adekvat gəlir əldə edir. Turist azdırsa, bu adamlar necə pul qazana bilər?
Turizm sektorunda problemlər olduqca çoxdur. Xidmət yaxşı səviyyədə deyil. Adi bir nüansı qeyd edək: tarixi yerlərdə tualetlər bərbad vəziyyətdə olur. Hətta kurort zonalarına uzanan yollarda da pulsuz, ən əsası, təmiz ayaqyolu tapmaq müşkül məsələdir.
İaşə obyektlərində qiymətlər çox yüksəkdir. Buna görə də ölkəyə bir dəfə gələn tursit ikinci dəfə bu barədə ciddi düşünməli olur.
Turist sayı istənilən halda turizmin uğur göstəricisidir. Belə açıqlamalardansa, problemlərin nədən qaynaqlandığını araşdırmaq, yaxşı xidmətlə təbii təşviqat aparmaq daha faydalı olar.
Turistlər küçədə aldadılmaq hissinin narahatlığı ilə gəzməməlidir. "Əcnəbidən mümkün qədər çox pul qoparmaq lazımdır" yanaşması aradan qaldırılmalıdır. Hava limanında taksi xidmətini inhisara alaraq qiymətləri yüksəltməklə ölkəyə turist cəlb etmək olmaz. Turistlər burada özünü evindəki kimi hiss etməlidir.
Aytən, Bizimyol.info






