“ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian arasında 14 maddədən ibarət memorandumun elektron qaydada imzalandığı bildirilir. Məlumata görə, sənəd imzalanan zaman Donald Tramp Fransada keçirilən tədbirlərdən birində iştirak edirdi. İran tərəfi memorandumun elə bir şəraitdə imzalanmasını istəyirdi ki, dünya ictimaiyyəti bu prosesə şahidlik etsin və sənədin siyasi çəkisi daha da artsın. İndi əsas sual budur: bu memorandum reallaşacaqmı, yoxsa 2015-ci ildə imzalanan nüvə sazişi kimi zamanla qüvvəsini itirəcək?”
Bu barədə Bizimyol.info xəbər portalına danışan Güneyli siyasi şərhçi Maşallah Rəzmi hesab edir ki, əvvəlki dövrlə müqayisədə yeni memorandumun həyata keçmə ehtimalı daha yüksəkdir. Onun sözlərinə görə, 2015-ci ildə vəziyyət fərqli idi. Həmin dövrdə İranda SEPAH ABŞ-la razılaşmanın əleyhinə çıxırdı, Prezident Həsən Ruhani isə sazişin imzalanmasını dəstəkləyirdi. ABŞ-da Demokratlar hakimiyyətdə idi və Prezident Barak Obama İranla anlaşmaya nail olmaq istəyirdi. Respublikaçılar isə bu prosesə qarşı çıxırdı. Eyni zamanda İsrail də sazişə müsbət yanaşmırdı. Region ölkələri isə danışıqlarda, demək olar ki, iştirak etmirdilər.
Maşallah Rəzmi qeyd edir ki, hazırkı şərait tamamilə fərqlidir: “Bu gün İranda həmin memorandumu dəstəkləyən əsas qüvvələrdən biri məhz SEPAH-dır. ABŞ-da isə Respublikaçılar hakimiyyətdədir və onlar da bu prosesə müsbət yanaşırlar. Bundan başqa, Yaxın Şərq ölkələri, xüsusilə ərəb dövlətləri İranla ABŞ arasında razılaşmanın əldə olunmasında maraqlıdırlar. Pakistan, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Qətər bu istiqamətdə ciddi rol oynayırlar. Məhz buna görə memorandumun icra olunmaq şansı əvvəlki dövrlə müqayisədə daha yüksək görünür”.
Bununla belə, şərhçi hesab edir ki, sənədin bəzi müddəaları müzakirələr zamanı ciddi fikir ayrılıqları yarada bilər.
“Ən çətin məsələ birinci maddə ilə bağlıdır. İran hesab edir ki, bu razılaşmanın dörd əsas tərəfi var. Bir tərəfdə İran və Livan, o biri tərəfdə isə ABŞ və İsrail dayanır.
Tehran düşünür ki, Vaşinqton İsrailin Livana qarşı hərbi əməliyyatlar həyata keçirməsinin qarşısını almalıdır. Məhz bu məsələnin qəbul olunması danışıqlarda əsas maneələrdən birinə çevrilə bilər”, – deyə Maşallah Rəzmi bildirib.
Maşallah Rəzminin videomüsahibəsini Bizimyol.info xəbər portalının rəsmi Youtube səhifəsində izləmək mümkündür.
İradə Cəlil, Bizimyol.info






