Azərbaycanda çayçılığın tarixi 19-cu əsrə gedib çıxır. Lənkəranda, Car-Balakəndə təcrübə xarakterli əkinlər yaxşı nəticə verib. Sonradan bizim torpaqlarda böyük çay plantasiyaları salınıb. SSRİ-ninin son illərində isə Azərbaycanda çayçılıq özünün ən gözəl dövrünü keçirib. Keçən əsrin 80-ci illərində illik 34,5 min ton məhsulla rekord qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, indi çayçılıq özünün qürub dövrünü yaşayır. İstehsal azalır, bunun məntiqi nəticəsi kimi, idxal da artır. İxracın artması uğur kimi təqdim olunur. Halbuki beş aya cəmi 349 ton məhsuldan söhbət gedir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə 4 min 425,5 min ton çay istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azalma qeydə alınıb.
Çayı daha ucuz satmağa başlamışıq. Keçən ilin ilk beş ayında bir kiloqram üçün qiymət 15,2 manat olub. Bu il 50 qəpik ucuzlaşma var.
İstehsalın azalması ilə bağlı rəsmi açıqlama yoxdur. Ümumiyyətlə, bizim ölkədə dövlət qurumları problemlərin müzakirəsini sevmir. Bizə yalnız araşdıraraq ortaya müəyyən fikir çıxarmaq qalır.
Əvvəlcə iki suala cavab tapmağa çalışaq. Çay istehsalı azalırsa, əsas səbəblər nə ola bilər? Ümumiyyətlə, çayçılığın inkişafında hansı amillər rol oynayır?
Ola bilər ki, ölkədə çay istehsalının azalmasında kəskin temperatur dəyişikliyi rol oynayıb. Təəssüf ki, bununla bağlı hər hansı fikir ortaya qoyulmur. Adətən, yağıntının azalması işləri korlayır. İş orasındadır ki, bu il əksinə olub. Yəni yetərincə yağıntı qeydə alınıb. Torpağın münbitliyinin zəifləməsi də işini görə bilər.
İstehsal xərclərinin artması barədə hər hansı rəsmi xəbər eşitməmişik. Çayçılıqda gəlirliliyinin azalması da müzakirə mövzusu ola bilməz. Hesab edirik ki, təşkilati və texniki amillər istehsalın azalmasında rol oynayıb. Plantasiyalar köhnəlib, müasir texnologiyaların tətbiqində yubanırıq, suvarma sistemi düz qurulmayıb, məhsulun yığılması və emalında problemlər var.
Çayçılığın inkişafında maddi-texniki baza vacib rol oynayır. Sektora müasir yanaşmalar olmalıdır. Torpağın münbitliliyinə, emal prosesinə ən yüksək peşəkarlıqla yanaşılmalıdır. Yalnız bu halda çayçılıq özünün qızıl dövrünə qayıda bilər.
Aytən, Bizimyol.info






