Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su agentliyinin yay sınağı: Paytaxtın çox yerində su böhranı yaranıb
Su agentliyinin yay sınağı: Paytaxtın çox yerində su böhranı yaranıb

Bu günlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qaynar xətti ilə əlaqə saxlamaq, dərdini demək mümkünsüzə çevrilib. Paytaxtda su böhranı yaranıb, şəhərin müxtəlif yerlərində sakinlər həyat üçün ən vacib vasitələrdən birinə möhtac qalıb. Şikayət ünvanlamağa yer yoxdur. Agentliyin qaynar xəttində suallara cavab verilmir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sosial platformalardakı rəy bölümləri şikayətlər yazılmasın deyə, bağlanıb. Sədr Zaur Mikayılovla bağlı xəbərlər bir-birini əvəz edir. Agentliyin rəhbəri rayonların birində sakinlərlə görüşübmüş. Şəkillərdə isə daha çox kostyumlu, qalstuklu idarə işçiləri görünür. Elə bu xəbərin rəy bölümündə Xətai rayon sakini Afaq İsmayılzadə boş-boş görüşlər keçirməyin zamanı olmadığını, susuz qaldıqlarını sədrin nəzərinə çatdırmağa çalışıb. Bundan sonra bütün xəbərlər üçün rəy bölümü bağlanıb.

Şüvəlan sakini Əsgər Cəfərov “Facebook”da yazır ki, burada bir aydır suya həsrət qalıblar: “Maşınla alırıq suyu. Yoxdusa, bunu hardan gətirib satırlar? Kubunu 8-10 manata verirlər”.

Səbinə Nuriyeva bildirir ki, qaynar xəttə elə indicə zəng vurub: “Dedim, düşmənsiz öz vətəndaşlarınıza? Sovet dövründə yaşayırıq biz? Yayda suyu bağlamaq nə deməkdi? Hardan almalıyıq suyu. Camaatı yığıblar boğaza...”

Sosial mediada böyük səhifələrin rəy bölümündə yazılanları oxuyanda məlum olur ki, şəhərin böyük hissəsində su yoxdur. İnsanlar Əhmədlidən, Yasamaldan, Suraxanıdan, Əmircandan, Köhnə Günəşlidən, Pirşağıdan, Zığdan, Türkandan, Yeni Ramanadan, Lökbatandan, Mehdiabaddan, Bülbülədən, Hövsandan yazır. Məişətdə istifadə üçün də marketlərdən su almalı olduqlarını bildirirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmi açıqlamasında anbarlardan qəbul edilən suyun miqdarını və təmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədilə texniki işlər aparıldığı bildirilir. Müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında yalnız bir neçə saatlıq azalmalar tətbiq olunduğu iddia edilir. Abonentlərdən üzr istəmək də öz yerində. Amma problem həllini tapmır.

Susuz qalan sakinlərin başqa iddiası da var. Yazırlar ki, müxtəlif məmurların, iş adamlarının bağ evləri, təsərrüfatları böyük həcmdə su ilə təmin olunmalıdır, buna görə belə vəziyyət yaranıb. Hamı bu ölkənin vətəndaşıdır. İnsanlara yayın bu istisində zülm etmək olmaz. Agentlik məsələyə həssas yanaşmalıdır, abonentlərə qarşı hörmətsizliyə son qoymalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »