Vətəndaşların bank kartlarının və hesablarının müxtəlif səbəblərlə bloklanması halları son vaxtlar çox müşahidə olunur. Bu hallar insanlar arasında narahatlıq yaradır.
İnsanlar lazımi sənədləri təqdim etsələr də, məhdudiyyətlər uzun müddət aradan qaldırılmamış olur.
Vətəndaşlar öz vəsaitlərindən istifadə edə bilmədiklərinə görə banka şikayət etdikdə, bank müraciətin icrada olduğunu və ona 30 təqvim günü ərzində baxılacağını bildirir.
- Doğrudanmı vətəndaş kartının aktiv olması üçün 30 gün gözləməyə məcburdur?
Bu barədə Bizimyol.info xəbər portalına danışan hüquqşünas Elnur Məmmədov bildirib ki, bank kartı və ya hesabı bloklayırsa, araşdırma ağlabatan müddətdə yekunlaşdırılmalıdır: “Vətəndaşların bank kartlarının və hesablarının müxtəlif səbəblərlə bloklanması, daha sonra isə məhdudiyyətlərin uzun müddət aradan qaldırılmaması ilə bağlı müraciətlər artmaqdadır. Məsələyə hüquqi baxımdan yanaşdıqda qeyd edilməlidir ki, bankların kartları və hesablar üzrə əməliyyatları məhdudlaşdırmaq səlahiyyəti mövcuddur. Bu səlahiyyət əsasən maliyyə monitorinqi, çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, habelə şübhəli əməliyyatların araşdırılması məqsədlərinə xidmət edir.
Lakin bankın belə bir səlahiyyətə malik olması onun müştərinin vəsaitlərindən istifadə hüququnu qeyri-müəyyən müddətə məhdudlaşdırması anlamına gəlmir. Hüquqi dövlət prinsiplərinə görə hər hansı məhdudiyyət qanuni əsaslara söykənməli, zəruri olmalı və proporsionallıq tələbinə cavab verməlidir. Əgər bank kartı və ya hesabı bloklayırsa, bunun səbəbləri mövcud olmalı və araşdırma ağlabatan müddətdə yekunlaşdırılmalıdır.
Müştəri tərəfindən tələb olunan sənədlər təqdim edildikdən və risk yaradan hallar aradan qalxdıqdan sonra blokun saxlanılması üçün hüquqi əsas qalmazsa, məhdudiyyət dərhal aradan qaldırılmalıdır”.
Elnur Məmmədov deyib: “Praktikada rast gəlinən hallardan biri də odur ki, vətəndaş dəfələrlə banka müraciət edir, izahat və sənədlər təqdim edir, lakin buna baxmayaraq kart üzərindəki məhdudiyyət həftələrlə, hətta aylarla qüvvədə qalır. Belə vəziyyətlərdə bankın hərəkətlərinin hüquqi əsaslılığı ciddi suallar doğurur. Çünki bankın daxili araşdırma aparmaq hüququ olsa da, bu hüquq müştərinin əmlak və maliyyə hüquqlarını əsassız şəkildə məhdudlaşdırmaq səlahiyyəti vermir.
Bir aylıq və ya daha uzun müddət davam edən bloklama yalnız obyektiv araşdırma zərurəti ilə əsaslandırıldığı halda qanuni hesab edilə bilər. Əks halda, vətəndaşın maliyyə vəsaitlərinə çıxışının məhdudlaşdırılması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilər”.
Elnur Məmmədov həmçinin vurğulayıb: “Hüquqi baxımdan məsələyə yanaşdıqda demək olar ki, "bank həmişə haqlıdır" və ya "vətəndaş həmişə haqlıdır" kimi ümumi nəticə çıxarmaq mümkün deyil. Konkret vəziyyətdə bankın bloklama üçün qanuni əsaslarının olub-olmaması, müştərinin təqdim etdiyi sənədlər, araşdırmanın mahiyyəti və müddəti qiymətləndirilməlidir. Əgər vətəndaşın çoxsaylı müraciətlərinə baxmayaraq bank blokun saxlanılmasının səbəblərini əsaslandıra bilmirsə və araşdırmanın uzadılması üçün obyektiv səbəblər göstərmirsə, belə hallarda hüquqi mövqe daha çox vətəndaşın xeyrinə formalaşır. Bank xidmət göstərən təşkilat kimi həm qanunvericiliyin, həm də vicdanlı və şəffaf fəaliyyət prinsiplərinin tələblərinə əməl etməyə borcludur.
Bu səbəbdən hesab edirəm ki, kartların və hesabların bloklanması ilə bağlı prosedurların şəffaflığı artırılmalı, vətəndaşlara aydın izahat verilməli və məhdudiyyətlərin aradan qaldırılması üzrə konkret müddətlər müəyyən edilməlidir. Əks halda, maliyyə təhlükəsizliyi məqsədilə nəzərdə tutulmuş mexanizmlər vətəndaşların mülkiyyət və sahibkarlıq hüquqlarının faktiki məhdudlaşdırılması alətinə çevrilə bilər”.
Elnur Məmmədov əlavə edib: “Yekun qənaətim budur ki, bankların risklərin idarə etmək məqsədilə kartları bloklamaq hüququ olsa da, blokun əsassız və ya həddindən artıq uzun müddət qüvvədə saxlanılması hüquqi baxımdan müdafiə oluna bilməz. Belə hallarda vətəndaşın hüquqlarının pozulması məsələsi gündəmə gəlir və bank öz hərəkətlərinin qanuniliyini əsaslandırmaq öhdəliyi daşıyır. Bu əsaslandırma olmadığı təqdirdə hüquqi üstünlük vətəndaşın tərəfində hesab edilməlidir”.
Günel Həsənova, Bizimyol.info






