Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Türkiyə heç kimin ərazisinə göz dikmir
Ərdoğan: Türkiyə heç kimin ərazisinə göz dikmir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi müdafiə sənayesi məhsullarının ixracına görə dünyada 11-ci yerdədir, heç kimin ərazisinə iddia etmir və öz hüquqlarının tapdalanmasına da imkan verməyəcək.

Bizimyol.info xəbər verir ki, o, bu barədə İstanbulda Rumıniya və Türkiyə Hərbi Dəniz Qüvvələrinə iki gəminin təhvil verilməsi mərasimində çıxışı zamanı bildirib.

Ərdoğan bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində misilsiz nailiyyətlər əldə edib. Onun sözlərinə görə, ötən ay ölkə 996 milyon dollar dəyərində müdafiə və aerokosmik məhsul ixrac edərək tarixi uğura imza atıb.

“Biz müdafiə məhsullarının ixracına görə dünyada 11-ci ölkəyik və eyni anda çoxlu sayda hərbi gəmi inşa edə bilən dövlətlərdən biriyik. Hazırda dost və müttəfiq ölkələr üçün ixrac məqsədli 50-dən çox hərbi gəmi işaa edirik”, – deyə Türkiyə lideri vurğulayıb ki, Ankaranın məqsədi regionda gərginlik yaratmaq deyil, sülhü, ədaləti, sabitliyi və əmin-amanlığı möhkəmləndirməkdir.

“Biz heç kimlə böhran, xaos, müharibə və ya qarşıdurma yaratmağa çalışmırıq. Heç vaxt başqasının torpağına, suverenliyinə, qanuni hüquq və maraqlarına göz dikməmişik. Lakin eyni zamanda heç kimə də bizim suverenliyimizi pozmağa, ölkəmizi təhdid etməyə və maraqlarımıza zərər vurmağa imkan vermərik”, – deyə Ərdoğan qeyd edib.

Prezident əlavə edib ki, dünya Soyuq müharibə dövründən bəri ən dərin transformasiyalardan birini yaşayır və yeni təhlükəsizlik paradiqması formalaşır.

“Hər bir böhran bizə milli təhlükəsizliyin həyati əhəmiyyətini xatırladır. Türkiyə bu yeni dövrün ruhunu erkən anlayan və onu ən düzgün şərh edən ölkələrdən biridir. Hazırda elə bir xaos dövründə yaşayırıq ki, meydanda güclü olmayanlar danışıqlar masasında yer tapa bilmir, hətta bəzən menyunun bir hissəsinə çevrilirlər”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə gəmiqayırma sahəsində milli aviadaşıyıcılardan tutmuş sualtı qayıqlara qədər müxtəlif platformalar istehsal edir və bu sahədə yerliləşdirmə səviyyəsi 80 faizə çatıb.

O həmçinin qeyd edib ki, müxtəlif ehtiyaclara cavab verən pilotsuz hərbi dəniz aparatlarının elmi-tədqiqatı, layihələndirilməsi və istehsalı istiqamətində işlər davam etdirilir. Prezident bildirib ki, hazırda həyata keçirilən layihələrin ümumi dəyəri 25 milyard avroya çatıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »