Fransa prezidenti Emmanuel Makron 2027-ci ildə keçiriləcək prezident seçkilərindən əvvəl Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması imkanını nəzərdən keçirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti mənbəyə istinadən məlumat yayıb.
“Prezidentin ətrafındakı bəzi şəxslər hesab edir ki, bu addım bizi xilas edə bilər, çünki insanlar səsverməyə daha məsuliyyətlə yanaşacaqlar. Mən isə əksinə düşünürəm — bu, bizi daha da uçuruma aparacaq”, – deyə nəşrə adı açıqlanmayan deputat bildirib. O qeyd edib ki, bu ssenarini bəzi nazirlər və prezidentin müşavirləri ilə müzakirə edib.
Onun sözlərinə görə, belə bir addım Makronun varisinin parlament seçkilərinin vaxtını müstəqil müəyyənləşdirməsinin qarşısını almaq üsulu kimi qiymətləndirilir. Eyni zamanda bu, hazırkı prezidentə vəziyyəti son ana qədər nəzarətdə saxlamaq imkanı verə bilər. Bu ssenari baş tutarsa, Milli Assambleyaya və prezident postuna seçkilərin birinci və ikinci turları eyni tarixlərdə keçiriləcək.
Qəzetin həmsöhbəti hesab edir ki, Konstitusiya Şurası da buna mane olmayacaq, çünki quruma Makronun müttəfiqi Richard Ferrand rəhbərlik edir və şura faktiki olaraq prezidentin təsiri altındadır.
“Bu, hamıya təzyiq göstərəcək və “Milli Birlik” partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün son vasitə olacaq. Amma mən hesab edirəm ki, Makron bu yolla yalnız həmin partiyadan olan namizədin hakimiyyətə gəlməsinə deyil, həm də onların parlamentdə mütləq çoxluq qazanmasına şərait yaradacaq”, – deyə adı açıqlanmayan nazir müşaviri bildirib.
Bununla belə, prezident administrasiyası bu ehtimalla bağlı şərh verməkdən imtina edib və bildirib ki, söhbət yalnız siyasi dairələrdə dolaşan fərziyyələrdən gedir.
Bizimyol.info






