Ukrayna prezidenti Vladimir Zelenski Braziliya prezidenti Luiz İnasio Lula da Silva tərəfindən Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə yardım göstərilməsi təşəbbüsünü qəbul edib.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Zelenskinin ictimayətlə əlaqələr üzrə müşaviri Dmitri Litvin məlumat verib.
Bildirilib ki, liderlər Evyanda keçirilən G7 sammiti çərçivəsində görüşərək diplomatik prosesin yenidən canlandırılmasını müzakirə ediblər. Görüş zamanı Lula BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əlaqələrin qurulmasını təklif edib.
“Onlar razılaşıblar ki, məhz bu ideya və təmaslar əsasında müəyyən nəticə əldə etməyə çalışacaqlar, daha sonra isə nəticələri müzakirə edəcəklər”, – deyə Litvin bildirib.
Tərəflər bu təşəbbüslər üzrə irəliləyiş əldə etməyə çalışmaq və nəticələrə əsasən yenidən müzakirələr aparmaq barədə razılığa gəliblər. Daha əvvəl ABŞ tərəfindən dəstəklənən vasitəçilik səyləri Moskvanın əlavə ərazi güzəştləri tələbi səbəbindən dalana dirənmişdi. Kiyev isə bu şərtlərlə razılaşmır.
Zelenski ABŞ prezidenti Donald Trumpı vasitəçilik prosesini yenidən bərpa etməyə və Vladimir Putin ilə görüş təşkil etməyə çağırıb. Kreml isə hələlik belə bir görüş ehtimalını istisna edir.
Lula qeyd edib ki, əvvəllər Kiyev onun təşəbbüslərinə maraq göstərmirdi, lakin indi bu təşəbbüsü qəbul edib. O, artıq BMT Təhlükəsizlik Şurasının “beşliyi”nə daxil olan bütün ölkə liderləri ilə danışdığını və yeni təmaslar qurmağa hazırlaşdığını bildirib.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bəyan etmişdi ki, Polşa təhlükəsizlik və Rusiya ilə münasibətlərə dair qərarların ölkəsinin iştirakı olmadan böyük dövlətlər tərəfindən qəbul edilməsinə razı olmayacaq.
Bizimyol.info






