İrəvanda keçirilən RISE-2026 sərgisi ətrafında müzakirələr Ermənistanın siyasi mesajları və simvol siyasəti baxımından diqqət çəkir.
Sərgidə “Biz və dağlarımız” abidəsinin əsas simvol kimi təqdim olunması müxtəlif tərəflərdə fərqli reaksiyalar doğurur. Bu simvolun uzun illər keçmiş Qarabağ münaqişəsi ilə bağlı siyasi kontekstdə istifadə olunması onun interpretasiyasını daha da həssas edir. Belə təşəbbüslər regionda sülh ritorikası ilə real siyasi davranışlar arasındakı ziddiyyətləri yenidən gündəmə gətirir.
- Siyasi simvolların bu cür istifadəsi Azərbaycan-Ermənistan münasibətlərində etimadın formalaşmasına necə təsir edə bilər?
Politoloq Yeganə Hacıyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağın işğalı və Azərbaycan ərazilərinə qarşı irəli sürülən iddialar uzun illər ərzində ümumerməni ideologiyasının əsas sütunlarından biri olub. Əgər erməni diasporunun və lobbi təşkilatlarının dünya ermənilərini səfərbər etmə mexanizmlərinə nəzər salsaq, bunun iki əsas mərhələdə həyata keçirildiyini görərik.
“Birinci mərhələ 1915-ci il hadisələrinin ‘soyqırımı’ narrativi ətrafında formalaşdırılması və bu mövzunun ümumerməni maraqları adı altında qlobal səviyyədə siyasi mobilizasiya alətinə çevrilməsi ilə xarakterizə olunur.
İkinci mərhələ isə Qarabağa və Azərbaycan ərazilərinə dair iddiaların ön plana çıxarılması ilə bağlıdır. Bu prosesin aktiv fazası 1980-ci illərin sonlarında özünü göstərsə də, onun ideoloji əsasları daha əvvəlki dövrlərdə formalaşdırılmışdı. Qarabağ məsələsi uzun müddət dünya ermənilərinin səfərbər olunması üçün ən mühüm birləşdirici faktor rolunu oynayıb”, – deyə politoloq bildirib.
O əlavə edib ki, bu gün Ermənistan hakimiyyətinin Azərbaycanla sülh sazişi, regional kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq perspektivlərini təşviq etməsi müəyyən reallıqlardan irəli gəlir. Lakin paralel olaraq başqa bir proses də davam edir. Bu prosesi yalnız diaspora və ya lobbi təşkilatlarının fəaliyyəti kimi təqdim etmək düzgün olmazdı. Müxtəlif siyasi və ictimai mərkəzlər də həmin ideoloji xəttin qorunub saxlanılmasında iştirak edirlər.
Yeganə Hacıyeva vurğulayıb ki, məhz buna görə də, istifadə olunan ritorikadan və ya verilən mesajlardan asılı olmayaraq, ümumerməniliyi birləşdirəcək yeni ideoloji nüvə formalaşmadığı şəraitdə Qarabağ mövzusu və Azərbaycanla bağlı tarixi-siyasi iddialar hələ də müəyyən dairələr tərəfindən əsas mobilizasiya vasitəsi kimi saxlanılır.
“Bu baxımdan Ermənistan tərəfindən verilən bəyanatların və nümayiş etdirilən siyasi iradənin səmimiyyətini qiymətləndirərkən ehtiyatlı yanaşma sərgiləmək vacibdir. Sülh prosesinin perspektivlərini qiymətləndirərkən yalnız cari bəyanatlara deyil, eyni zamanda uzunmüddətli ideoloji tendensiyalara və praktiki addımlara da diqqət yetirilməlidir”, – deyə o bildirib.
İradə Cəlil, Bizimyol.info






