Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və enerji təchizatı coğrafiyasını davamlı şəkildə genişləndirir. Prezident İlham Əliyevin sözlərinə görə, ölkə həm daxildə, həm də xaricdə iri infrastruktur layihələrinə sərmayə yatıraraq regional əlaqələrin gücləndirilməsinə töhfə verir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın əsas hədəflərindən biri ölkəni açıq dənizə çıxışı olmayan dövlətdən beynəlxalq nəqliyyat və logistika qovşağına çevirməkdir.
- Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsi ölkənin iqtisadi və geosiyasi mövqeyinə hansı təsirləri göstərə bilər?
İqtisadçı Asif İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilməsi ilk növbədə ölkə iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verə bilər. Tranzit daşımalarının artması büdcə gəlirlərinin çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, həmçinin logistika, xidmət və ticarət sahələrinin inkişafına şərait yaradacaq.
“Ölkənin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanın beynəlxalq ticarət zəncirində mühüm iştirakçıya çevrilməsinə imkan verir. Geosiyasi baxımdan isə nəqliyyat qovşağı statusu Azərbaycanın regional və qlobal əhəmiyyətini daha da artırır”-deyən iqtisaçı bildirib ki, nəqliyyat marşrutlarının təhlükəsiz və dayanıqlı fəaliyyətində mühüm rol oynayan ölkələr beynəlxalq tərəfdaşlar üçün strateji əhəmiyyət daşıyır. Bu ölkələrdən biri də Azərbaycandır.
Azərbaycan bir sıra beynəlxalq layihələrin icraçısı kimi özünü həm nəqliyyat, həm logistika, həm də enerji tədarükü sahələrində etibarlı tərəfdaş kimi təsdiqləyə bilib. Bu isə Azərbaycanın həm region ölkələri, həm də Avropa və Asiya dövlətləri ilə əməkdaşlıq imkanlarını genişləndirir, beynəlxalq nüfuzunu və siyasi əhəmiyyətini artırır.
İqtisadçının fikrincə, Azərbaycanın ən böyük üstünlüyü onun əlverişli coğrafi mövqeyidir.
Ölkə Avropa ilə Asiyanı, eləcə də Şimal ilə Cənubu birləşdirən əsas nəqliyyat marşrutlarının üzərində yerləşir.
“Son illərdə həyata keçirilən iri infrastruktur layihələri — Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonu, mühüm avtomobil yolları və işğaldan azad olunmuş ərazilərdə tikilən hava limanları — ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırıb.
Azərbaycanın siyasi sabitliyi, davamlı investisiyaların yatırılması və beynəlxalq tərəfdaşlarla qurduğu uğurlu əməkdaşlıq onun logistika mərkəzi kimi rəqabət qabiliyyətini gücləndirən əsas amillərdəndir”-deyə Asif İbrahimov bildirib.
İqtisadçı hesab edir ki, Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Avropa ilə Asiya arasında yüklərin daha sürətli və təhlükəsiz daşınması üçün alternativ marşrut kimi ön plana çıxır. Əvvəllər Çindən Avropaya yüklərin daşınması təxminən 20–25 gün, bəzi hallarda isə bir aya qədər davam edirdisə, Orta Dəhlizin inkişafı ilə bu müddətin 6–11 günə qədər azalması gözlənilir.
“Azərbaycanın beynəlxalq logistika qovşağına çevrilməsi ölkəyə həm iqtisadi gəlirlər qazandıracaq, həm də geosiyasi üstünlüklər verərək regionun aparıcı nəqliyyat və ticarət mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq”-deyə Asif İbrahimov bildirib.
İradə Cəlil, Bizimyol.info






