Hər bir valideyn övladlarının sağlam inkişafını erkən yaşlardan diqqətlə izləməlidir. Oğlan uşaqlarının böyümə dövrlərində sidik və cinsiyyət orqanlarının formalaşması müxtəlif mərhələlərdən keçir. Ona görə valideynin bu prosesə vaxtında nəzarət etməsi, gələcəkdə yarana biləcək hər hansı problemin qarşısının alınmasına kömək edir.
- Oğlan uşaqlarında uroloji problemlər hansı yaşlarda ortaya çıxa bilər?
Bu barədə Bizimyol.info xəbər portalına danışan cərrah-uroloq Rüstəmov Vaqif bildirib ki, oğlan uşaqlarında, qızlarda da anomaliyalar çox olur: “Oğlan uşaqlarının ümumiyyətlə doğulduğu dəqiqədən etibarən sünnətin prepsiyumu çevrilməlidir, əgər çevrilə bilmirsə, mütləq sünnət olunmalıdır. Çox uşaqlarda anomaliya olur. Bütün doğulan 100 uşaqdan demək olar 99-da bitişmələr olur. Ona görə hər həkim onu aça bilmir. Pediatrların ümumiyyətlə başları çıxmır. Cərrahlar da ona fikir vermir. Analar da deyir “yox, yazıqdır, qoy böyüsün sonra”. Böyüdükdə isə problemlər çıxır. Deyirlər guya anadangəlmə sünnət olunur - Peyğəmbər sünnəti. O patologiyadır.
Ümumiyyətlə oğlan uşaqlarında, lap qızlarda da anomaliyalar çox olur. Onlar bir neçə yerə bölünür. Məsələn, oğlan uşaqlarında sidik yolu bəzən xayalıq nahiyəsində, xüsusən sünnətin yuxarı və aralıq hissədə olur. Buna hipospadiya, yəni sidik kanalının öz yerində açılmaması deyilir. Bəzi uşaqlarda kanalın üst tərəfi bağlanmır, ona da epispadiya deyirlər.
- Onların nə ziyanı var?
Vaxtında əməliyyat olunmayanda oğlan uşaqlarında sonsuzluq yaranır.
Niyə?
Çünki sperma uşaqlıq boynuna çatmadığına görə gələcəkdə mayalanma prosesi ləngiyə bilər. Sonradan “vay, bunu gərək vaxtında əməliyyat etdirərdik” deyirlər. Ona görə doğum evlərində bir nəfər də uşaq cərrahı yoxdur”.
Vaqif Rüstəmov deyib: “Mən Sumqayıtda xəstəxanada işləyəndə bütün bağçaları gəzirdim. Nə qədər yırtıqlar, altı barmaqlıq halları, xayanın sayının anomaliyaları, sünnətin xayalıq nahiyəsində yerləşməsi, xayanın qarın boşluğunda qalması, qasıq kanalında qalması, yəni öz yerinə düşməməsi və s. hallar həddindən artıq çox idi. Amma Bakıda bunu görmədim”.
Vaqif Rüstəmov həmçinin vurğulayıb: Heç kim maraqlanmır, oturub ancaq xəstə gözləyirlər. Bu, düzgün deyil. Bu millətin gələcəyidir. Sabah həmin həkimin qızı belə bir oğlanla ailə quranda sonra “bu niyə belə oldu?” sualı ortaya çıxır. Doğum evində cərrah olmalıdır. Ancaq keysəriyyə əməliyyatı üçün yox, doğulan uşaqların uroloji patologiyalarının vaxtında aşkarlanması üçün nəzarət olmalıdır. Baxmırlar. Nə TƏBİB, nə Səhiyyə Nazirliyi bununla maraqlanmır”.
Vaqif Rüstəmov qeyd edib ki, uşaqlar vaxtında müayinə olunmalıdır: “28 yaşında, 35, 40 yaşında mənə müraciət edirlər. Uşaq yaşlarında onlar inkişafdan qalıb. Çünki kortizon deyək ki, bədəndə çatmayıb. Qidalanma, irsi və digər səbəblərdən ola bilər. Bəzi şəxslər evlənmək belə istəmirlər.
Qaldı sidik yolları patologiyalarına - oğlan uşaqlarında və qızlarda daha çox rast gəlinir. Böyrəyin ikiləşməsi, böyrəklərin eyni tərəfdə yerləşməsi, anadangəlmə tək böyrək, nalşəkilli böyrək, S şəkilli və digər anomaliyalar, yəni böyrəklərin aşağı hissədə birləşməsi kimi müxtəlif formalar mövcuddur. Belə hallarda böyrəklərdə iltihabi proseslərin yaranma riski artır. Çünki sidik durğunluğu iltihabın inkişafına birbaşa təsir edir. Bunlara nalşəkilli böyrək, S-şəkilli, U-şəkilli və L-şəkilli formalar aiddir.
Ona görə uşaqlar vaxtında müayinə olunmalıdır. Bəzi valideynlər deyir ki, qoy böyüsün, 6-7, 10 yaşında sünnət etdirərəm. Amma uşağı erkən dövrdə mütləq USM və Doppler müayinəsindən keçirmək lazımdır. Qızlarda da eyni qaydada yoxlanış vacibdir. Anadangəlmə borular tutulmuş olur. Niyə? Hormonal pozğunluq olduğuna görə. Onlar gələcəkdə ana ola bilmirlər. Sidik yollarında patologiyalar, məsələn, oğlan uşaqlarında sidik kisəsinin balaca olması, iltihabi proseslər nəticəsində sidik kisəsinin kiçilməsi və ya aparılan əməliyyatlar zamanı müdaxilələr ola bilər. Bəzən sidik kisəsinin həcmi çox kiçik qalır. Gələcəkdə bunlar infeksiyalar, ağırlaşmalar, cinsi zəiflik və s. ilə, eləcə də, xroniki prostatit və xroniki sistitlə əlaqəli ola bilər.
Qızlarda da uşaqlıq yolunda olan iltihabi proseslər müşahidə olunur. Son vaxtlar hər 100 doğan qadından 80-90 -da maya göbələkləri, ureaplazma, xlamidiya, qonoreya, trixomonas və digər mikroblar aşkar edilir. Ona görə də Səhiyyə Nazirliyi, TƏBİB də bu barədə düşünməlidir”.
Vaqif Rüstəmov əlavə edib:
“Doğum evlərinə uşaq cərrahı təyin olunmalıdır, amma yalnız keysəriyyə əməliyyatı üçün yox, doğulan uşaqlarda uroloji patologiyaların vaxtında aşkarlanması üçün. Keysəriyyə əməliyyatlarını ginekoloqlar edir. O qədərdi ki, çoxdur maşallah. Amma oğlan uşaqları doğulduqdan sonra diqqətdən kənarda qalır və nəticədə də gələcəkdə həyatları bərbad olur”.
Günel Həsənova, Bizimyol.info






