İran İslam Respublikasının parlament sədri Məhəmməd Baqir Qalibaf 19 iyunda Cenevrədə ABŞ ilə memorandumun imzalanmasında iştirak edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər nazirinin müavini Məcid Təxt-Rəvançi məlumat verib.
Onun sözlərinə görə, hələlik sənədin elektron formatda, yoxsa ənənəvi qaydada imzalanacağı dəqiq deyil. “İmzalanmadan sonra növbəti müzakirələr başlayacaq. ABŞ tərəfini vitse-prezident Cey Di Vens, İran tərəfini isə Qalibaf təmsil edəcək”, – deyə o, “Tasnim” agentliyinə bildirib.
Daha əvvəl ABŞ, İran və vasitəçi rolunu oynayan Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunduğunu təsdiqləyiblər. Sənədin 19 iyunda Cenevrədə imzalanması planlaşdırılır. Tehranın açıqlamasına görə, memorandumun imzalanmasından sonrakı 60 günlük müddət ərzində tərəflər İranın nüvə proqramı da daxil olmaqla məsələləri müzakirə edəcəklər. Eyni zamanda 15 iyundan etibarən ABŞ tərəfindən İrana qarşı tətbiq olunan dəniz blokadasının başa çatdığı, eləcə də bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırıldığı elan edilir.
Bizimyol.info






