Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, İranın Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etməsi təhlükəli presedent yarada bilər. Onun sözlərinə görə, Fransa bazar ertəsi Evian-le-Ben şəhərində başlayan G7 sammitində digər ölkələri belə bir ssenarinin qarşısını almağa çağıracaq.
Bizimyol.info xəbər verir ki, Makron bu barədə TF1 telekanalına müsahibəsində danışıb.
“Bu, qətiyyən istədiyimiz bir vəziyyət deyil, çünki presedent yaradar. Dünyada çoxlu başqa boğazlar da var. Əgər hər yerdə keçid üçün ödəniş alınmağa başlansa, bunun sonu hara gedib çıxacaq? Bu, bütün dünyada qiymətlərin artmasına səbəb olacaq”, – deyə Fransa lideri bildirib.
O vurğulayıb ki, belə bir addım beynəlxalq hüquqa uyğun deyil və Fransa bu rüsumların tətbiq edilməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.
Eyni zamanda, Makron əsas prioritetin Hörmüz boğazında gəmiçiliyin bərpası olduğunu qeyd edib. Onun sözlərinə görə, bu addım neft və qaz qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.
Fransa prezidenti bildirib ki, İran və ABŞ arasında razılaşmanın mətni artıq elektron formada razılaşdırılıb və sənədə əlavələrin gələn cümə gününədək imzalanması planlaşdırılır. Bu səbəbdən boğazdan gəmi hərəkətinin yaxın vaxtlarda bərpa olunacağı gözlənilir.
“Yaxın saatlarda bunun baş verməsi üçün mümkün olan hər şey edilməlidir”, – deyə Makron əlavə edib.
O həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyət gəmiçiliyin uzunmüddətli əsasda təmin olunmasına zəmanət verməlidir. Makron qeyd edib ki, Fransa, Böyük Britaniya, İtaliya və Niderland artıq regionda müvafiq imkanlara malikdir və Paris onların Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirakını ABŞ və İranla koordinasiya etmək niyyətindədir.
Bundan əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında razılıq əldə olunduğunu təsdiqləmişdilər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması nəzərdə tutulur.
Bizimyol.info






