Hindistanın Baş naziri Narendra Modi bildirib ki, Hindistan ABŞ və İran arasında əldə olunan razılaşmanın Yaxın Şərqdə sülh və sabitliyin bərpasına, eləcə də dənizçilik və ticarət azadlığının təmin olunmasına kömək edəcəyinə ümid edir.
Bizimyol.info xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşım edərək ABŞ və İran arasında Qərbi Asiyada münaqişənin dayandırılması ilə bağlı əldə olunan qarşılıqlı anlaşmanı alqışladığını qeyd edib. Onun sözlərinə görə, bu münaqişə dünyada ciddi iqtisadi sarsıntılara və bir çox ölkələrdə insan tələfatına səbəb olub.
Modi vurğulayıb ki, Hindistan razılaşmanın uğurla icrasını və regionda sabitliyin bərpasını gözləyir, həmçinin açıq dənizçilik və ticarət yollarının qorunmasına ümid edir. O əlavə edib ki, Nyu-Dehli qalan məsələlərin müzakirəsini və davamlı, yekun razılaşmanın əldə olunmasını səbirsizliklə gözləyir.
Qeyd edək ki, bundan əvvəl ABŞ, İran və vasitəçi rolunu oynayan Pakistan arasında razılaşmanın əldə olunduğu təsdiqlənib. Sənədin 19 iyunda Cenevrədə imzalanması planlaşdırılır. 60 günlük atəşkəs müddətində tərəflər İranın nüvə proqramı da daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər.
Qadir, Bizimyol.info






