Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elnarə Akimova: "Azərbaycanın bugünkü gücü Ulu Öndərin müəyyən etdiyi siyasi kursun nəticəsidir"
Elnarə Akimova: "Azərbaycanın bugünkü gücü Ulu Öndərin müəyyən etdiyi siyasi kursun nəticəsidir"

“Müasir Azərbaycanın tarixinə nəzər saldıqda bir həqiqət bütün aydınlığı ilə görünür: xalqımızın dövlətçilik salnaməsində elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti bütöv bir dövrün məzmununu müəyyənləşdirir, milli taleyin dönüş nöqtəsinə çevrilir. Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Onun adı müstəqil Azərbaycan dövlətinin qurulması, qorunması və inkişafı ilə ayrılmaz surətdə bağlıdır. Bu gün Azərbaycanın qazandığı uğurların, beynəlxalq nüfuzunun, siyasi sabitliyinin və hərbi qüdrətinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti dayanır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O qeyd edib ki, ötən əsrin ortalarında Azərbaycanın sosial-iqtisadi vəziyyəti heç də ürəkaçan deyildi. Respublika ittifaqın geridə qalmış bölgələrindən biri hesab olunurdu. Lakin 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkənin həyatında yeni mərhələ başlandı. Qısa müddət ərzində Azərbaycan keçmiş ittifaq məkanında ən sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Yeni sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatında böyük nailiyyətlər əldə olundu, şəhər və rayonların siması dəyişdi, təhsil, elm və mədəniyyət sahələrində mühüm irəliləyişlər baş verdi.

Həmin dövrdə minlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil alması üçün yaradılan imkanlar milli kadr potensialının formalaşmasında əvəzsiz rol oynadı”-deyən deputat bildirib ki, Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycan xalqında milli özünüdərk hissinin gücləndirilməsi oldu. O dövrdə mövcud olan mürəkkəb siyasi şəraitə baxmayaraq, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin inkişafı, xalqımızın tarixi yaddaşının yaşadılması istiqamətində atılan addımlar gələcək müstəqilliyimizin ideoloji əsaslarını formalaşdırdı. Tarix sonradan sübut etdi ki, həmin illərdə atılan addımlar Azərbaycanın müstəqil dövlət kimi ayaqda qalmasının mühüm şərtlərindən biri olmuşdur.

Dputat bildirib ki, lakin Azərbaycanın taleyində ən ağır sınaqlar 1990-cı illərin əvvəllərində yaşandı. Sovet İttifaqının dağılması fonunda ölkədə siyasi hərc-mərclik, idarəetmə böhranı, iqtisadi tənəzzül hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, daxildə isə müxtəlif anti-milli qüvvələr hakimiyyət uğrunda mübarizə apararaq dövlətçiliyin əsaslarını sarsıdırdılar. Xalqın milli maraqlarından uzaq olan bu qüvvələrin məsuliyyətsiz fəaliyyəti Azərbaycanı vətəndaş qarşıdurması və parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu: “Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni faktiki olaraq məhv olmaq təhlükəsindən xilas etdi. Onun siyasi müdrikliyi, qətiyyəti və zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı dəstələrin qarşısı alındı, dövlət institutları möhkəmləndirildi. Məhz həmin dövrdə müstəqil Azərbaycan dövlətinin hüquqi, siyasi və iqtisadi əsasları yaradıldı.

1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkənin gələcək inkişafının iqtisadi fundamentini formalaşdırdı. Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, xarici siyasətdə balanslı və milli maraqlara söykənən kurs müəyyən edildi. Ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, dövlətçiliyin dayaqları möhkəmləndirildi. Bütün bunlar gələcək böyük uğurların təməlini təşkil etdi”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərə nəzər saldıqda aydın görünür ki, Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirir. Son iyirmi ildən artıq dövrdə ölkəmizin iqtisadi gücü dəfələrlə artmış, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Azərbaycan artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi proseslərinə təsir göstərən güclü dövlət kimi tanınır.

Bu siyasətin ən parlaq nəticəsi isə şübhəsiz ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdir. Uzun illər ərzində beynəlxalq hüququn kağız üzərində qalan tələblərini Azərbaycan öz gücü hesabına həyata keçirdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dünya hərb tarixində nümunə göstərilən qələbə qazandı. İşğal altında olan torpaqlarımız azad edildi, xalqımızın otuz illik həsrətinə son qoyuldu. Bu qələbə yalnız hərbi uğur deyil, milli qürurun, xalq birliyinin və dövlətçilik iradəsinin təntənəsi idi”-deyə Elnarə Akimova bildirib.

O vurğulayıb ki, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Bu tarixi nailiyyətlər təkcə bugünkü siyasi rəhbərliyin qətiyyətinin deyil, eyni zamanda Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi davamı və zəfəridir.

Deputat qeyd edib ki, bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin sevinc dolu addımları, yüksələn yeni şəhər və kəndlər Azərbaycanın qüdrətinin və gələcəyə inamının rəmzidir. Bütün bunlar bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, onun müəyyən etdiyi siyasi kurs Azərbaycanı yeni uğurlara aparır.

“Tarix şəxsiyyətləri zamanın sınağından keçirir. Heydər Əliyev də öz fəaliyyəti ilə sübut etdi ki, xalqına və dövlətinə sədaqətlə xidmət edən liderlərin adı tarixdə əbədi yaşayır. Bu gün müstəqil, güclü və qalib Azərbaycan məhz onun uzaqgörən siyasətinin, dövlətçilik fəlsəfəsinin və milli maraqlara söykənən strateji baxışlarının təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi xətt uğurla davam etdirilir və Azərbaycan hər keçən gün daha böyük zirvələrə doğru inamla irəliləyir”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »