Qərb analitiklərinin qiymətləndirmələrinə görə, Rusiya könüllü hərbçi cəlbetmə sisteminin imkanlarının sonuna yaxınlaşır və bu, yaxın gələcəkdə yeni məcburi səfərbərlik ehtimalını gündəmə gətirir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Kyiv Independent" nəşri məlumat yayıb.
Məlumata əsasən, Kreml 2022-ci ilin sentyabrında elan edilən “qismən səfərbərlik”dən sonra əsasən müqaviləli hərbçilər və məhbusların cəlb edilməsi hesabına ordu sıralarını doldurmağa çalışıb. Lakin hazırkı göstəricilər bu modelin zəiflədiyini göstərir. Ukrayna kəşfiyyatının məlumatına görə, 2026-cı ilin ilk rübündə cəmi 70 mindən bir qədər çox yeni hərbçi müqavilə imzalayıb ki, bu da Rusiya Müdafiə Nazirliyinin planlarından aşağıdır.
Ekspertlər bildirirlər ki, Rusiya ordusunun itkiləri də vəziyyəti daha da ağırlaşdırır. Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin (CSIS) hesablamalarına görə, 2025-ci ilin sonuna qədər Rusiya itkiləri 1 milyona yaxınlaşa bilər, onlardan yüz minlərlə nəfər həlak olanlardır. Bu isə ordunun döyüş qabiliyyətini qorumaq üçün hər ay on minlərlə yeni əsgərə ehtiyac yaradır.
Analitiklər qeyd edirlər ki, Kreml artıq əhali üzərində dolayı təzyiqləri artırır: tələbələrin hərbi xidmətə cəlbi, müəssisələr üçün kvotaların müəyyənləşdirilməsi və “müayinə” adı ilə çağırışların göndərilməsi kimi addımlar buna daxildir.
Bununla belə, mütəxəssislər yaxın vaxtlarda açıq səfərbərliyin elan olunmasını ehtimal etmir. Səbəb kimi Rusiya cəmiyyətinin müharibədən əvvəlki dövrlə müqayisədə daha yorğun olması və iqtisadi çətinliklərin artması göstərilir.
Analitiklərin fikrincə, Vladimir Putin yalnız ciddi hərbi böhran və ya müharibənin miqyasının genişləndirilməsi qərarı verildiyi halda yeni səfərbərliyə gedə bilər. Əks halda, bu addım ciddi sosial narazılıq riskini artıracaq.
Eyni zamanda qeyd olunur ki, Ukrayna dron texnologiyalarını inkişaf etdirərək cəbhə arxasında 150 kilometrədək məsafədə Rusiya logistikasına zərbələr endirir və bu da ordunun təminat sistemini daha da çətinləşdirir.
Qadir, Bizimyol.info






